Tramp İranın Dünya Çempionatından kənarlaşdırılması təklifini dəyərləndirib

ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbir zamanı 2026-cı il futbol üzrə dünya çempionatının final mərhələsində İran millisinin İtaliya ilə əvəz olunması təklifini dəyərləndirib.

Olaylar bu barədə xarici mediaya istinadən xəbər verir.

"Bu barədə xüsusi olaraq düşünmürəm. Maraqlı sualdır. Bilirsiniz nə var, qoyun bunun üzərində bir az düşünüm",- Tramp bildirib.

Əvəzləmə təklifi ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Paolo Zampolli tərəfindən irəli sürülüb. Aprelin 23-də İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani ölkənin milli komandasının 2026-cı il dünya çempionatının oyunlarında iştiraka hazır olduğunu bildirib.

Dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. İran millisi turnirə vəsiqə qazanaraq G qrupuna düşüb və burada onun rəqibləri Belçika, Misir və Yeni Zelandiya komandaları olacaq. Komandanın hər üç oyununun ABŞ ərazisində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədar konkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmin gündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA ilə atəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7 apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İran təklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başa çatana qədər atəşkəsi uzatdığını bildirib. Bununla belə İrana qarşı tətbiq olunan dəniz blokadası qüvvədə saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31