Sülhə doğru addımlar: Paşinyanın açıqlaması və regional siyasi balans- ÖZƏL

Nikol Paşinyan bildirib ki, Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıdışı məsələsini gündəmdə saxlamaq artıq məhsuldar deyil. O, "Vətəndaş müqaviləsi" partiyasının seçki proqramının təqdimatında vurğulayıb ki, kimin harada yaşadığı və hansı mülkiyyətə sahib olduğu məsələlərinin araşdırılması sülh prosesinə ziyan vurur. Paşinyanın sözlərinə görə, tərəflərin hərəsinin öz "həqiqəti" var və bu mövzu bağlanmalıdır.

Paşinyanın "Qarabağ məsələsi bağlanıb" mesajı regiondakı sülh danışıqlarına və Azərbaycanın mövqeyinə necə təsir edə bilər? Ermənistanda bu cür bəyanatlar daxili siyasi sabitlik və seçici rəyinə hansı istiqamətdə təsir göstərə bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib: 

" Qarabağ məsələsi 44 günlük Vətən müharibəsi və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri ilə Azərbaycan tərəfindən yekunlaşdırılıb. Bu prosesdən sonra rəsmi İrəvan da zamanla həm Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, həm də könüllü şəkildə Ermənistana gedən ermənilərin gələcəklərinin Ermənistanla bağlılığını cəmiyyətə təqdim etməyə başlayıb.
Ermənistan hökumətinin bu addımı danışıqların daha konstruktiv məcrada aparılmasına şərait yaradaraq, Vaşinqton 
razılaşmalarını  irəliyə doğru apararaq inkişaf etdirdi. 30 illik münaqişə dövrünün yaranmasına səbəb olan Ermənistanın Qarabağ iddialarından imtina etməsi ikitərəfli gündəliyin inkişafına müsbət təsir göstərib.
Əgər bu yanaşma builki parlament seçkilərində də öz əksini taparsa, yekun sülh sazişinin əldə olunması daha real görünür. Artıq Ermənistanın bundan sonrakı daxili-siyasi addımları yeni bir dövrün səmimi bünövrəsini möhkəmləndirə bilər. Ölkəmizin mövqeyi isə bəllidir: Ermənistanın hüquqi sənədlərində Azərbaycanın ərazi bütövlüyünə qarşı olan iddialar aradan qaldırılmalıdır. Digər məsələlər isə bundan sonra aparılacaq müzakirələr çərçivəsində daha asan həllini tapa bilər.
Ermənistan hökuməti xalq qarşısında konkret seçimlər qoyub: sülh və ya ehtimal olunan münaqişə vəziyyəti. Mövcud hakimiyyət məğlubiyyət reallığını qəbul edərək, cəmiyyəti revanşist ideologiyalardan və ərazi iddialarından uzaqlaşdırmağa çalışır. Bu məqsədlə dövlət və ictimai institutlar səviyyəsində müxtəlif əlaqələr və görüşlər həyata keçirilir. Eyni zamanda, iqtisadi və nəqliyyat sahəsində əməkdaşlıq elementləri formalaşır. Azərbaycan öz ərazisindən keçən nəqliyyat yollarından istifadə üçün Ermənistana imkan yaradır.
Bütün bunlar da Ermənistan cəmiyyəti daxilində əvvəlki illərlə müqayisədə sabitliyin artdığını və müsbət dinamikanın formalaşdığını göstərir". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31