Tarixi abidələrin dağıdılması: Hüquqi və mənəvi məsuliyyət - ÖZƏL

İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş Ermənistanda və vaxtilə işğal olunmuş ərazilərdə azərbaycanlılara məxsus tarixi-dini abidələrin dağıdılması barədə açıqlamasında deyib ki, mədəni abidələrin təhqir edilməsi çox qınanılacaq bir fəaliyyətdir və son zamanlar digər münaqişələrdə də belə nümunələr görüb və insanlar bunu ümumiyyətlə iyrənc hesab edir. 

Ermənistanın mədəni və tarixi irsə münasibəti ilə bağlı səsləndirilən iddialar regionda tarixi yaddaş və identiklik məsələlərinə necə təsir göstərir və bu problem gələcək sülh prosesinə hansı formada təsir edə bilər?

Mövzu ilə bağlı sualımızı cavablandıran siyasi şərhçi Əziz Əlibəyli Olaylar.az-a açıqlamasında bildirib:

"Ümumilikdə, müharibələr zamanı mədəni abidələrin dağıdılması beynəlxalq hüquqa görə cinayət hesab olunur. Bu cür əməllər təkcə konkret bir ölkəyə qarşı deyil, bütövlükdə bəşəri irsə qarşı yönəlmiş vandalizm kimi qiymətləndirilir. Eyni zamanda, bu hallar xalqların mədəni səviyyəsini və digər millətlərin irsinə münasibətini də açıq şəkildə ortaya qoyur.

Təəssüf ki, Azərbaycanın işğal altında olmuş ərazilərində mədəni irsə qarşı ciddi dağıntılar törədilib. Tarixi abidələrin məhv edilməsi, izlərin silinməsinə yönəlmiş addımlar və digər qanunsuz fəaliyyətlər geniş miqyas alıb. Bu zərərin həcmi o qədər böyükdür ki, onun tam bərpası uzun illər, bəlkə də onilliklər tələb edəcək.

Bu baxımdan, baş verənlər yalnız maddi deyil, həm də mənəvi itki kimi qiymətləndirilməlidir. Bu cür əməllər qalıcı cinayət xarakteri daşıyır və tarixdə öz izini saxlayır. Ona görə də bu hadisələr unudulmamalı, əksinə, gələcək nəsillər üçün yaddaş kimi qorunmalıdır. Çünki tarix yalnız mədəniyyətin deyil, həm də bu mədəniyyətə qarşı törədilmiş cinayətlərin yaddaşıdır və bu yaddaş həmin əməlləri törədənlərin üzərində qalmalıdır."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31