"Azərbaycan regionda siyasi balansın formalaşmasında mühüm rol oynayır" – ŞƏRH – ÖZƏL

"Bugünkü təlatümlü dövrdə Azərbaycan dünya siyasətində etibarlı tərəfdaş və mühüm enerji mənbəyi kimi ön planda görünür. Ümumiyyətlə, Azərbaycan Avropa Birliyi ilə, eləcə də digər dünya ölkələri ilə hər zaman yaxşı və balanslaşdırılmış münasibətlər yürütmüşdür və biz bunu bu gün də aydın şəkildə müşahidə edirik".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, 30 ilə yaxın davam edən Qarabağ işğalı dövründə Avropa və ümumilikdə Qərb tərəfindən Azərbaycanın gözlədiyi dəstəyi görmədiyini dəfələrlə müşahidə etmişik. BMT tərəfindən qəbul olunan qətnamələrə baxmayaraq, onların icrası təmin olunmamışdı. Lakin Azərbaycan öz gücünü bütün dünyaya göstərdikdən sonra regiondakı siyasi mənzərə və Azərbaycana münasibət əhəmiyyətli dərəcədə dəyişdi. Azərbaycan müstəqillik əldə etdiyi dövrdən bu yana daim müstəqil siyasət yürütməyə çalışmış, digər ölkələrlə münasibətlərini həm balanslaşdırılmış, həm də tərəfdaşlıq prinsipləri əsasında qurmuşdur. Bu gün Azərbaycan artıq güclü enerji dövləti kimi böyük işlər görür. Xüsusilə, Rusiya-Ukrayna müharibəsindən sonra Qərb ölkələrinin enerji sahəsində ciddi çətinliklərlə üzləşdiyini gördük. Məhz bu dövrdə Azərbaycan Avropaya mühüm töhfələr verdi. Bu əməkdaşlıq yalnız ayrı-ayrı dövlətlərlə deyil, ümumilikdə Avropa Birliyi ilə tərəfdaşlıq çərçivəsində həyata keçirilir. Azərbaycan nefti və təbii qazı Türkiyə üzərindən Avropaya nəql olunur. Eyni zamanda, Yaxın Şərqdə gərginliyin artdığı və məsələn, Hörmüz boğazının bağlanması kimi risklərin yarandığı dövrlərdə də Azərbaycan yenidən Qərb üçün alternativ və sabit enerji mənbəyi rolunu oynayır. Bu isə göstərir ki, Azərbaycan bu gün Qərb ölkələri üçün həm investisiya baxımından cəlbedici, həm də etibarlı tərəfdaşdır.

Ekspert qeyd edib ki, bu amillər regionda Azərbaycanın xeyrinə siyasi balansın formalaşmasında mühüm rol oynayır. Azərbaycan həm Rusiya, həm İran, həm Gürcüstan, həm də Ermənistanla qonşudur və Türkiyə ilə strateji müttəfiqdir. Region ölkələrinin bir çoxunda mürəkkəb siyasi proseslər və hətta münaqişələr davam etdiyi bir şəraitdə Azərbaycan sabitlik və əməkdaşlıq platforması kimi çıxış edir. Bundan əlavə, Türkiyənin tranzit rolu xüsusi əhəmiyyət daşıyır. Avropaya yönələn enerji resurslarının böyük hissəsi məhz Türkiyə üzərindən nəql olunur ki, bu da Azərbaycan-Türkiyə əməkdaşlığının strateji əhəmiyyətini daha da artırır.

"Azərbaycan bu gün həm iqtisadi, həm də siyasi baxımdan regionun aparıcı güclərindən birinə çevrilmişdir. Bu isə ölkənin gələcək inkişaf potensialını artırır və yeni uğurlara yol açır. Eyni zamanda, energetika sahəsində Azərbaycan ilə Avropa Birliyi arasında münasibətlərin inkişafı üçün yeni imkanlar yaranır. Gələcək enerji layihələri və digər sahələr üzrə əməkdaşlıq Avropa üçün geniş investisiya imkanları açır və tərəflər arasında strateji tərəfdaşlığı daha da möhkəmləndirir", - deyə siyasi şərhçi vurğulayıb. 

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31