Bəhruz Quliyev: “Trampın atəşkəs tezisi reallıqdan çox siyasi ritorikadır” – ÖZƏL
14:54 SiyasətABŞ Prezidenti Donald Tramp Pakistanın vasitəçiliyi ilə İrana qarşı atəşkəs rejimini qeyri-müəyyən müddətə uzatdığını elan edib. Ağ Ev rəhbəri Tehranın vahid sülh şərtlərini gözlədiyini bildirsə də, Hörmüz boğazının blokadasının qüvvədə qalacağını vurğulayıb.
"ABŞ Prezidenti Donald Trampın İranla bağlı səsləndirdiyi "atəşkəs Tehran tərəfindən istənilib" tezisi reallıqdan daha çox siyasi ritorika təsiri bağışlayır. Iran kimi regional gücün açıq şəkildə bu formada geri addım atması inandırıcı görünmür və daha çox tərəflərin gərginliyi müvəqqəti azaltmaq üçün razılaşması ehtimalıdır".
Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Siyasi ekspert bildirib ki, eyni zamanda Hörmüz boğazı ətrafında təzyiq mexanizmlərinin saxlanılması göstərir ki, söhbət real sülhdən yox, "nəzarətli fasilə"dən gedir. Bu baxımdan atəşkəsin uzunömürlü olması sual altındadır və istənilən an pozula bilər.
"Düşünürəm ki, bu proses davamlı sülhə deyil, tərəflərin vaxt qazanmasına xidmət edir. Proseslər göstərir ki, yaxın perspektivdə fundamental razılaşmanın əldə olunması hələ ki, zəif ehtimaldır," - deyə ekspert əlavə edib.
Səidə Ramazanova