Ermənistan daxilində Rusiya və Qərb rəqabətinin şahidiyik- ÖZƏL

"Ermənistanda seçkilər yaxınlaşdıqca, bu prosesin həm daxili, həm də xarici siyasətə təsiri ilə yanaşı, regionda və regiondan kənarda baş verən hadisələrin də seçkilərə təsir etdiyi aydın görünür. Bunu həm Nikol Paşinyan, həm də onun rəqibləri yaxşı anlayır."Bu  sözləri  Olaylar.az-a  açıqlamasında  Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq  
Şəbnəm HƏSƏNOVA deyib:" Daxildə Qərb və Rusiya arasında rəqabətin şahidi oluruq, eyni zamanda Rusiua qədər, hər nə qədər müharibə vəziyyətində olsa da İranın maraqlarını da unutmaq olmaz. Son dövrlərdə Azərbaycanla Ermənistan arasında paraflanan sazişlərin Türkiyədə imzalanması aktuallıq qazanıb. Hətta demək olar ki, erməni siyasi fiqurları tez-tez Türkiyədə görünür və regional məsələlərlə bağlı Türkiyəli siyasətçilərlə ortaq mövqe nümayiş etdirməyə çalışırlar.

Buna bir tərəfdən müsbət yanaşmaq mümkün olsa da, digər tərəfdən nəzərə almalıyıq ki, Ermənistan yenə də Azərbaycanla sülh müqaviləsini Türkiyə ilə münasibətlərin normallaşmasından ayrı tutmağa çalışır. Tarix boyu bir neçə dəfə şahid olmuşuq ki, Ermənistan Türkiyə ilə sərhədləri açaraq iqtisadi blokadadan çıxmaq istəyib. Bu məsələdə yalnız Ermənistan deyil, həm də Avropa İttifaqı və ümumilikdə Qərb maraqlıdır. Bu isə Rusiyanın və İranın mövqelərinin zəifləməsi deməkdir. Təbii ki, Rusiya və İran da buna mane olmağa çalışır.

Azərbaycana gəldikdə isə, onun şərtləri və tələbləri Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı deyil. Azərbaycan bu problemi kökündən həll etmək niyyətindədir. Gələcəkdə hər hansı siyasi fiqurun hakimiyyətə gəlməsi yeni münaqişə və ya müharibə riskinə səbəb olmamalıdır. Şübhəsiz ki, məsələlərə konstruktiv yanaşan şəxslərin hakimiyyətdə olması daha məqsədəuyğundur.

Alen Simonyanın açıqlamalarından da görünür ki, Türkiyə ilə münasibətləri bu proseslərdən kənarda saxlamağa çalışırlar və bu, düşünülmüş addımdır. Lakin nə Ermənistanda hansısa qüvvənin hakimiyyətə gəlməsi səbəbilə Azərbaycanın tələbləri dəyişməlidir, nə də Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin zəifləməsinə imkan verilməlidir. Bu koordinasiya sona qədər davam etdirilməlidir və həm Azərbaycan, həm də Türkiyə tərəfindən güclü siyasi iradə nümayiş etdirilməlidir. Bu amilin də ən ali aəviyyədə qətiyyətinin şahidiyik. 

Proseslərin daha çox regional çərçivədə, region ölkələri arasında həll olunması məqsədəuyğundur. Bunun göstəricisi kimi Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun Gürcüstan, Türkiyə və Azərbaycanla yanaşı Ermənistanın da regional formata daxil edilməsini təklif etməsini qeyd etmək olar. Simonyan buna müsbət yanaşsa da, prosesləri öz maraqları istiqamətində yönləndirməyə çalışır.

Məqsədəuyğun olardı ki, tarix boyu yaranmış problemlərin həlli üçün məhz region ölkələrinin iştirakı ilə, simvolik əhəmiyyət daşıyan bir məkanda sülh müqaviləsi imzalansın. Bu, proseslərin yekunlaşmasına və iqtisadi layihələrin genişlənməsinə təkan verə bilər.

Eyni zamanda vurğulamaq lazımdır ki, proseslərin tələsik deyil, təmkinli və ardıcıl şəkildə inkişafı daha məqsədəuyğundur. Çünki qəfil yaranan reallıqlar dağıdıcı ola bilər. Tədricən və sabit şəkildə baş verən dəyişikliklər isə daha dayanıqlı nəticələr verir.

Əsas məqsəd ondan ibarət olmalıdır ki, bu problem həm hüquqi, həm də siyasi baxımdan gələcək nəsillərə ötürülməsin. Bunun üçün isə gənclərin sağlam və ayıq düşüncəli formalaşdırılması vacibdir. "

İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31