Bakı-Riqa dialoqu güclənir: Avropa ilə yeni körpülər qurulur- ÖZƏL
13:43 Siyasət"Aprelin 22-də İlham Əliyev ilə Edqars Rinkeviçs arasında Bakıda keçirilən görüş Azərbaycan-Latviya münasibətlərinin yeni mərhələyə keçidini göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Bu təmas, ilk növbədə, iki ölkə arasında siyasi dialoqun intensivləşdirilməsi və qarşılıqlı etimad mühitinin daha da möhkəmləndirilməsi baxımından diqqət çəkir".
Bu fikirləri politoloq Tural İsmayılov Olaylar.az-a açıqlama verib:
"Latviya Avropa İttifaqının üzvü kimi Azərbaycanın Avropa ilə əlaqələrinin genişlənməsində körpü rolunu oynaya bilər. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları və rəqəmsal transformasiya sahələrində əməkdaşlıq perspektivləri real və praktik xarakter daşıyır. Bakı-Riqa xəttində əlaqələrin güclənməsi Orta Dəhlizin funksionallığını artırmaqla yanaşı, Azərbaycanın Avropa bazarlarına çıxış imkanlarını da genişləndirə bilər.
Digər tərəfdən, bu görüş regional kontekstdə də əhəmiyyətlidir. Baltik regionu ilə Cənubi Qafqaz arasında əməkdaşlığın dərinləşməsi geosiyasi balansın şaxələndirilməsinə xidmət edir. Azərbaycan üçün bu, yalnız iqtisadi deyil, həm də siyasi manevr imkanlarının artması deməkdir. Latviya isə Azərbaycan vasitəsilə Xəzər hövzəsi və Mərkəzi Asiya ilə daha aktiv əlaqə qurmaq imkanı əldə edir.
Ümumilikdə, görüş göstərir ki, Bakı çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunu davam etdirir. Bu yanaşma isə həm regional sabitliyə töhfə verir, həm də Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirir".
Zeynəb Mustafazadə