Qərbin dəstəyi Rusiyanın "agentura şəbəkəsi"nə qalib gələcəkmi? – ŞƏRH – ÖZƏL

"Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca ölkədaxili siyasi situasiya getdikcə daha da gərginləşir. Bu gərginliyin formalaşmasında kənar təsirlərin də birbaşa rolu hiss olunur. Xüsusilə Kremlin Ermənistanda mövcud agentura şəbəkəsini fəallaşdırması vəziyyəti nəzarətdən çıxmaq həddinə qədər yaxınlaşdırır".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib. Siyasi şərhçi bildirib ki, Rusiya öz emissarını - Samvel Karapetyanı ön plana çıxararaq onun seçkilərdə qalib gəlməsinə və nəticədə Ermənistanın baş naziri səviyyəsində hakimiyyət dəyişikliyinə nail olmağa çalışır. Bu da Kremlin Ermənistanda siyasi kursun dəyişməsində maraqlı olduğunu göstərir. Düzdür, bəzi iddialara əsasən, Nikol Paşinyan son Moskva səfəri zamanı Vladimir Putinlə müəyyən anlaşmalar əldə etməyə və öz hakimiyyətini qorumağa çalışıb. Lakin görünən odur ki, Kreml hələ də Paşinyana tam etibar etmir və ehtiyat variant kimi öz namizədini irəli sürür. Rusiya Ermənistanı yenidən öz təsir dairəsinə qaytarmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Bu sıraya ölkə daxilindəki siyasi qruplar, o cümlədən "Qarabağ klanı", geniş casus şəbəkəsi, Rusiyaya bağlı erməni generalitetinin bir hissəsi və Erməni Apostol Kilsəsi kimi təsir imkanları daxildir. Paralel olaraq Moskvanın əlində ciddi iqtisadi və enerji təzyiq rıçaqları da mövcuddur. Belə ki, Rusiya Ermənistana təbii qazı nisbətən ucuz qiymətə təqdim edir və artıq bu qiymətlərin dünya bazarına uyğunlaşdırıla biləcəyi ilə bağlı xəbərdarlıq edib. Bu isə Ermənistan iqtisadiyyatı üçün ciddi risk deməkdir. Üstəlik, ölkə iqtisadiyyatının təxminən 55-60 faizi Rusiya ilə əlaqələrdən asılıdır. Xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı sahəsində iki ölkə arasında illik milyardlarla dollar həcmində dövriyyə mövcuddur və bu əlaqələrin zəifləməsi Ermənistan üçün ağır nəticələr doğura bilər.

Ekspert əlavə edib ki, digər tərəfdən, Avropa Birliyi və ABŞ Ermənistana seçki prosesində dəstək vermək niyyətindədir. Artıq bu istiqamətdə müəyyən təşəbbüslərin başladığı bildirilir. Bu dəstək seçkilərin daha şəffaf və ədalətli keçirilməsinə müsbət təsir göstərə bilər. Lakin bu, Paşinyan hakimiyyətinin qorunması üçün tam təminat hesab edilmir. Çünki Rusiyanın Ermənistanda təsir imkanları olduqca genişdir və müxtəlif manipulyasiya mexanizmlərini əhatə edir. Bu baxımdan seçkilərin nəticəsi ölkənin gələcək geosiyasi istiqamətini müəyyən edəcək əsas amil kimi çıxış edir. Əgər Paşinyan hakimiyyəti mövqeyini qoruya bilsə, Ermənistanın daha çox dinc inkişaf modelinə üstünlük verməsi və Qərblə yaxınlaşma kursunu davam etdirməsi mümkündür. Bu halda region üçün strateji əhəmiyyət daşıyan nəqliyyat və iqtisadi layihələrin, o cümlədən TRIPP marşrutunun reallaşması ehtimalı arta bilər. Lakin Rusiyanın dəstəklədiyi qüvvələrin hakimiyyətə gəlməsi halında bu layihələrin bloklanması və Ermənistanın yenidən Moskvanın sərt təsir dairəsinə qayıtması ehtimalı yüksəlir. Bu isə ölkə üçün geriyə dönüş və əvvəlki asılılıq modelinin bərpası anlamına gələ bilər. Qarşıdan gələn parlament seçkiləri təkcə siyasi hakimiyyətin deyil, bütövlükdə Ermənistanın gələcək inkişaf yolunun müəyyənləşməsi baxımından həlledici əhəmiyyət daşıyır.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31