Ermənistan cəmiyyəti reallıqla barışır: Qayıdış mövzusu artıq gündəmdə deyil – ÖZƏL

Nikol Paşinyan bildirib ki, Qarabağı könüllü tərk etmiş ermənilərin geri qayıdışı məsələsini gündəmdə saxlamaq artıq məhsuldar deyil. O, "Vətəndaş müqaviləsi" partiyasının seçki proqramının təqdimatında vurğulayıb ki, kimin harada yaşadığı və hansı mülkiyyətə sahib olduğu məsələlərinin araşdırılması sülh prosesinə ziyan vurur. Paşinyanın sözlərinə görə, tərəflərin hərəsinin öz "həqiqəti" var və bu mövzu bağlanmalıdır.

"Qarabağdan köçmüş ermənilərin geri qayıtması məsələsi artıq Ermənistanda heç kimə lazım deyil. Mövcud reallıqlar da göstərir ki, bu məsələ daha çox baş aldatmaqdır. Ermənistanda heç kim "Qarabağdan köçən ermənilər niyə geri qayıtmır?" sualını problem kimi qaldırmır. Ermənistan mediasını müntəzəm izləyən biri kimi deyə bilərəm ki, bu mövzu ilə bağlı ciddi müzakirələr və ya geniş debatlar aparılmır. Buna görə də hesab edirəm ki, bu məsələ ətrafında aparılan müzakirələr əksər hallarda əsassızdır. Bu baxımdan, Nikol Paşinyan tərəfindən səsləndirilən fikirlərdə müəyyən reallıq payı var".

Bu fikirləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib. Siyasi şərhçi bildirib ki, bu mövzunun qabardılması sülh prosesinə, xüsusilə də mümkün sülh müqaviləsinə mənfi təsir göstərə bilər. Ermənistan tərəfinin bu məsələni gündəmdə saxlamaması daha məqsədəuyğun görünür. Digər tərəfdən, həmin ərazilərdə məskunlaşma məsələsinə gəldikdə, bir çox hallarda bu məskunlaşmanın qanunsuz xarakter daşıdığı qeyd olunur. Azərbaycan tərəfi də bu baxımdan qanunsuz məskunlaşmanın qarşısını aldığını bildirir. Digər bir qrup isə keçmiş Sovet dövründən həmin ərazilərdə yaşamış şəxslər idi və onlar da sonradan öz istəkləri ilə əraziləri tərk ediblər. Ümumiyyətlə, beynəlxalq hüquqa əsasən insanların yaşadığı ərazini tərk etmək və ya başqa yerə köçmək hüququ mövcuddur. Bu baxımdan, insanların könüllü şəkildə köçməsi onların hüququ çərçivəsində qiymətləndirilir.

Ekspert əlavə edib ki, Paşinyanın bu mövzu ilə bağlı açıqlaması da bu reallıqlara əsaslanır. Düşünmürəm ki, bu mövqe onun siyasi reytinqinə mənfi təsir göstərsin. Əksinə, cəmiyyətin bir hissəsi bunu reallığın ifadəsi kimi qəbul edə bilər. Sadə insanlar da artıq anlayır ki, proseslər geri dönməz xarakter alıb. Nə həmin ermənilərin geri qayıtması real görünür, nə də ərazilərin statusu ilə bağlı əvvəlki vəziyyətin bərpası mümkündür. Torpaqlar öz sahibinə qayıdıb, insanlar isə müxtəlif istiqamətlərdə köç ediblər. Bu reallıq Ermənistan cəmiyyətində də tədricən qəbul olunur.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31