Azərbaycanla Misir arasında özəl sektor üzrə tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan və Misir arasında özəl sektor üzrə tərəfdaşlığın genişləndirilməsi müzakirə olunub.

Olaylar bu barədə Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir.

Belə ki, AZPROMO-da Misir səfiri ilə keçirilən görüşdə qarşılıqlı biznes missiyalarının təşkili və investisiyaların təşviqi üzrə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində - AZPROMO-da Misirin Azərbaycandakı səfiri Houssam-Eldine Reda ilə görüş keçirilib.

Görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyət istiqamətləri, Misirlə iqtisadi və ticarət əlaqələri barədə məlumat verib.

Səfir Houssam-Eldine Reda ölkələrimiz arasında iqtisadi tərəfdaşlığın dərinləşməsi, yeni biznes təşəbbüslərinin yaranması üçün əlverişli şəraitin olduğunu qeyd edib.

Görüşdə ölkələrimiz arasında potensial əməkdaşlıq istiqamətləri, eləcə də qarşılıqlı işgüzar səfərlərin təşkili ətrafında fikir mübadiləsi aparılıb. Əczaçılıq, turizm, nəqliyyat, rabitə, tikinti və infrastruktur sahələrində tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər özəl sektor nümayəndələri arasında əlaqələrin genişləndirilməsi, biznes missiyalarının təşkili və qarşılıqlı investisiyaların təşviqi istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31