Niderland və Belçika parlamentlərinin mövqeyi əməkdaşlıq ruhuna ziddir- ÖZƏL

"Niderland və Belçika parlamentləri tərəfindən qəbul edilən qərəzli bəyanatlar əməkdaşlıq və dialoq ruhuna uyğun deyil və regionda davam edən sülh prosesinə mənfi təsir göstərə bilər". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib: "Niderland və Belçika parlamentlərində Azərbaycanla bağlı səsləndirilən qərəzli bəyanatlar regiondakı reallıqları tam əks etdirmir və birtərəfli yanaşmanın göstəricisi kimi qiymətləndirilə bilər. Bu cür mövqelər Cənubi Qafqazda post-münaqişə dövründə yaranmış yeni geosiyasi vəziyyəti, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra formalaşan reallıqları və sülh gündəliyini lazımi səviyyədə nəzərə almır.
Xüsusilə diqqət çəkən məqam ondan ibarətdir ki, bu bəyanatlarda Azərbaycanın sülh təşəbbüsləri, regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar və normallaşma prosesi fonunda aparılan siyasət obyektiv dəyərləndirilmir. Əvəzində, selektiv yanaşma nümayiş etdirilərək birtərəfli ittihamların irəli sürülməsi müşahidə olunur ki, bu da konstruktiv mövqedən daha çox siyasi təsir elementlərini xatırladır.
Belə qərarlar həm də regionda davam edən sülh prosesinə mənfi təsir göstərə bilər. Çünki xarici siyasi dairələrin qərəzli və balanssız bəyanatları dialoqu təşviq etmək əvəzinə gərginlik ritorikasını gücləndirə, qarşılıqlı etimad mühitinə zərər vura bilər. Bu isə uzunmüddətli sabitliyin təmin olunmasına xidmət etmir.
Digər tərəfdən, bu cür yanaşmalar Avropa siyasi institutlarında zaman-zaman müşahidə olunan ikili standartlarla bağlı sualları da yenidən gündəmə gətirir. Müxtəlif regionlarda oxşar proseslərə fərqli münasibətin sərgilənməsi obyektivlik və ədalət prinsipləri baxımından ciddi suallar doğurur.
Niderland və Belçika parlamentlərinin bu mövqeyi əməkdaşlıq və dialoq ruhuna uyğun deyil. Daha düzgün yanaşma regiondakı reallıqları nəzərə alan, faktlara əsaslanan, qərəzdən uzaq və sülh prosesini dəstəkləyən mövqenin nümayiş etdirilməsi olardı. Bu həm Avropa-Azərbaycan münasibətləri, həm də regional sabitlik baxımından daha faydalı yanaşma hesab edilə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31