Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi kollektiv həllər tələb edir - Muxtar Babayev
10:43 SiyasətAstana. Trend:
Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi kollektiv həllər tələb edən ümumi çağırışdır .
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev Astanada keçirilən "Regional Ekoloji Sammiti 2026"da (RES 2026) çıxışı zamanı deyib.
"Azərbaycan 2024-cü ildə Bakıda keçirilmiş COP29 çərçivəsində Xəzər dənizində su səviyyəsinin azalması probleminə həsr olunmuş yüksək səviyyəli nazirlər tədbiri təşkil edib. Bu tədbir Xəzəryanı dövlətləri, BMT-nin Ətraf Mühit Proqramını (UNEP), beynəlxalq təşkilatları və donorları regional əməkdaşlıq və strategiyaların müzakirəsi üçün bir araya gətirdi. Bu, məsələnin qlobal müstəviyə çıxarılması baxımından mühüm addım idi. Tədbirin sonunda Xəzəryanı dövlətlərin Bəyannaməsi qəbul olundu və bu sənəd həmin sahədə əməkdaşlığın gücləndirilməsi üzrə ilk kollektiv öhdəlik oldu", - M. Babayev bildirib.
Onun sözlərinə görə, bu bəyannamə əsasında Tehran Konvensiyasının Katibliyi 2026-2036-cı illəri əhatə edən sənəd - qarşıdakı on il üçün əlaqələndirilmiş tədbirlər çərçivəsini nəzərdə tutan onillik fəaliyyət planı hazırlayıb.
M.Babayev qeyd edib ki, Azərbaycanın müraciəti əsasında UNEP tərəfindən Xəzər dənizinin səviyyəsinin dəyişməsi və iqlim dəyişikliyi ilə bağlı işçi sənəd də hazırlanaraq COP29-da təqdim olunub.
"Belendə keçirilən COP30 çərçivəsində Azərbaycan bu mövzu üzrə artıq ardıcıl üçüncü nazirlər dialoqunu təşkil edib və onun yekununda da birgə səylərin mühüm davamı kimi növbəti bəyannamə qəbul olunub", - deyə Babayev əlavə edib.
O bütün tərəfdaşların iştirakının vacibliyini vurğulayıb və Xəzəryanı dövlətləri, eləcə də beynəlxalq təşkilatları sözlərdən praktiki addımlara keçməyə çağırıb.