Yeni missiya sülh prosesinin, yoxsa, Brüsselin maraqlarını əsas götürəcək?- ÖZƏL
10:27 SiyasətAvropa İttifaqının Ermənistandakı yeni missiyasının fəaliyyət istiqamətlərindən birinin hibrid təhdidlər və kiberhücumlara qarşı mübarizədən ibarət olacağı bildirlir. Hibrid təhdidlər və kiberhücumlara qarşı mübarizə hansı anlama gəlir? "Olaylar"ın məlumatına görə, siyasi şərhçi Zaur İbrahimli bildirib ki, qarşılıqlı müdaxilələr və hibrid təhdidlər dedikdə, şübhəsiz Rusiya tərəfi nəzərdə tutulur: "Bunu heç gizlətmirlər, bu əlbəttə rəsmi sənədlərdə açıq yazılmır, lakin müzakirələrdə çox açıq şəkildə qeyd olunur. İstinad edilir Moldovada həyata keçirilmiş təcrübəyə. Amma Ermənistanla bağlı narahat edən məqam ondan ibarətdir ki, Moldovaya da belə ekspert qrupları göndərmişdilər və onların rolu böyük oldu. Lakin seçki kampaniyası başa çatdı, seçki nəticələri təsdiqləndi və həmin qruplar ölkəni tərk etdilər. Ekspertiza köməyi elədilər, texniki konsultasiya xidməti verdilər, əlbəttə burada heç nə olmaz.
Lakin təsəvvür edin ki, ayrıca bir missiya formalaşdırılır, o missiyaya iki illik mandat verilir. Həmin iki illik mandat üçün büdcə ayrılır və Ermənistandakı seçkilər isə iyunun 7-si başa çatır. Bax, bu artıq müəyyən suallar yaradır. Mülki müşahidə missiyası ilə əlaqədardır bizim keçmiş acı təcrübəmiz var. Bildiyimiz kimi müəyyən mərhələyə qədər mülki müşahidə missiyası faktiki olaraq ikitərəfli münasibətlərdə qıcıqlandırıcı amil kimi çıxış edib, bunu deməkdən çəkinməməliyik. Onların binokl diplomatiyası, yeri gəldi-gəlmədi Azərbaycan sərhədlərində qəfildən peyda olmaları- bunların hamısı fərqli bir təəssürat yaradırdı.
Və doğrudan da o zaman Azərbaycan ekspertləri qeyd eləyirdilər ki, heç bir halda bizi inandıra bilməzlər ki, əgər həmin dövr üçün insident baş versəydi, onlar obyektiv mövqe tutacaqdılar. Onların indiyə qədər apardığı fəaliyyət də onu göstərir ki, onlar obyektiv mövqe tutmayacaqdılar. Bunları nəzərə alaraq biz ərəfdaşlıq missiyasının iki illik müddətə Ermənistana gətirilməsində keçmiş təcrübəni yada salırıq. Dərhal da belə bir sual yaranır: Bu missiya ikitərəfli münasibətlərdə xarici müdaxilə aləti olmayacaqmı? Onun fəaliyyət predmeti, əsas istiqaməti Azərbaycana münasibətdə sərbəst interpretasiya olunmayacaqmı? Necə ki, həmin o mülki müşahidə missiyasının Ermənistan tərəfdən olan insidentlərin rəsmi İrəvana aid məsuliyyətini təsdiq etməsini bir dəfə də olsun görmədik. Heç onların hesabatını da görmədik. Belə halda maraqlıdır, bu missiya doğrudanmı sülh prosesinin maraqlarını əsas götürəcək, yoxsa, Brüsselin maraqlarını? Ən incə məqam buradadır. Bizim keçmiş təcrübə göstərir ki, onlar Brüsselin maraqlarını əsas götürürlər".