Ermənistanın saxta tarix strategiyası: Qars müqaviləsini hədəf alanların əsl məqsədi nədir? – ÖZƏL

"Erməni cəmiyyətində və ideologiyasında "Böyük Ermənistan" yaratmaq xülyası mövcuddur. Ermənistan dövləti yarandığı dövrdən bu günə qədər bu ideologiya cəmiyyətə aşılanmış, ermənilərin təfəkküründə "dənizdən dənizə Böyük Ermənistan" kimi bir arzu formalaşdırılmışdır. Tarix boyu bu xülyanı reallaşdırmaq üçün Ermənistan tərəfindən dəfələrlə cəhdlər edilmişdir. Azərbaycan torpaqlarının işğalı və həmin ərazilərin otuz il ərzində nəzarətdə saxlanılması da bu ideologiyanın tərkib hissəsi olmuşdur".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, bu ideyanın həyata keçirilməsi üçün müxtəlif dövrlərdə sistemli ideoloji işlər aparılmış, həm Ermənistan daxilindəki siyasi qüvvələr, həm də xaricdə fəaliyyət göstərən erməni lobbiləri bu məqsədə xidmət etmişdir. Eyni zamanda, bəzi tarixi və hüquqi sənədlər bu ideologiyanın reallaşmasının qarşısını alan mühüm amillərdən biri olmuşdur. Bu baxımdan Qars müqaviləsi xüsusi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, Qars müqaviləsinə əsasən Naxçıvanın statusuna beynəlxalq təminat verilir və bu bölgəyə qarşı hər hansı hərbi müdaxilə halında Türkiyənin prosesə daxil olmaq hüququ təsbit edilir. Bu səbəbdən, bəzi dairələr Qars müqaviləsini yenidən gündəmə gətirməklə Türkiyənin zəmanət imkanlarını məhdudlaşdırmağa çalışırlar.

Ekspert qeyd edib ki, digər tərəfdən, Ermənistan cəmiyyətində uzun illər ərzində aparılan təbliğat nəticəsində Qarabağ və Naxçıvanın guya Ermənistan ərazisi olması fikri formalaşdırılmağa çalışılmış, bu ideyalar erməni mətbuatında və kütləvi informasiya vasitələrində davamlı şəkildə yayılmışdır. Bu gün də Ermənistanda müəyyən avantürist dairələr "Böyük Ermənistan" xülyasını yenidən aktuallaşdırmağa cəhd edir. Lakin onlar unudurlar ki,  Zəngəzur və Göyçə mahalı Azərbaycanın qədim torpaqlarıdır. Eyni zamanda, İrəvan xanlığı da tarixən Azərbaycan dövlətçilik ənənələrinin bir hissəsi olmuşdur. Hazırda Qərbi Azərbaycan icması öz doğma torpaqlarına qayıdış proqramını gündəmə gətirir. Əgər Ermənistanda bəzi qüvvələr müxtəlif tarixi sənədlərin yenidən nəzərdən keçirilməsini zəruri hesab edirlərsə, Azərbaycan cəmiyyətində də tarixi torpaqlara qayıdış məsələsi aktuallığını qoruyur. Bu, xüsusilə bir milyona yaxın azərbaycanlının öz doğma yurdlarına qayıdışı kontekstində müzakirə olunur. Tarixi faktlara nəzər saldıqda görünür ki, Ermənistanın mövcud ərazisi zamanla genişlənmiş və bu genişlənmə əsasən Azərbaycanın qədim torpaqları hesabına baş vermişdir. Bu reallıq nəzərə alınmadan irəli sürülən iddialar regionda yeni gərginliklərin yaranmasına səbəb ola bilər.

"Bu gün Azərbaycan ictimaiyyəti, ictimai-siyasi xadimlər və ekspertlər bu məsələləri müntəzəm şəkildə gündəmdə saxlamalı, regional reallıqları beynəlxalq ictimaiyyətə çatdırmalıdırlar. Çünki bəzi dairələr yalan məlumatları davamlı şəkildə təbliğ etməklə onları "həqiqət" kimi təqdim etməyə çalışırlar. Tarixi saxtalaşdırmaq cəhdləri də məhz bu məqsədə xidmət edir. Ermənistanda müəyyən qrupların müxtəlif tarixi sənədləri yenidən gündəmə gətirməsi və onları öz maraqlarına uyğun şərh etməsi regionda sabitliyə xidmət etmir. Əgər tarixə qayıdışdan danışılırsa, Azərbaycan xalqı da öz tarixi torpaqlarına qayıtmaq arzusunu unutmur və bu məsələni daim diqqətdə saxlayır", - deyə siyasi şərhçi vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31