Çəkindirmə siyasətində dönüş: Avropanın mesajları- ÖZƏL

Polşa Fransanın "Qabaqcıl Çəkindirmə" təşəbbüsünə qoşularaq Avropada nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirməyə razılaşıb. Emmanuel Macron və Donald Tusk bildiriblər ki, bu addım çəkindirmə mexanizmlərini gücləndirsə də, hələlik Polşa ərazisində nüvə silahlarının yerləşdirilməsi planlaşdırılmır. Bu qərar Polşanın NATO-dakı rolunun və Avropanın təhlükəsizlik sistemində təsirinin artması kimi qiymətləndirilir.

Mövzu ilə bağlı politoloq Turab Rzayev Olaylar.az-a açıqlama verib:
" Düşünürəm ki, burada əsas məsələ hazırda ABŞ ilə Avropa arasında mövcud fikir ayrılıqları və bu ayrılıqlardan yaranan boşluğu doldurmaq cəhdidir. Belə ki, hazırda ABŞ-ın NATO-dan çıxmaq, yaxud NATO qarşısındakı öhdəliklərini tam yerinə yetirməmək ehtimalı ilə bağlı müəyyən açıqlamalar səslənir. Belə bir vəziyyətdə Avropa İttifaqı çətin durumda qalır. Onlar düşünürlər ki, özlərini necə daha  müstəqil şəkildə müdafiə edə bilərlər. Bununla bağlı Fransa da aktiv rol almağa çalışır. Məsələn, Yunanıstanda, Kiprdə, Aralıq dənizində daha fəal mövqe tutur.
Eyni zamanda, Rusiya ilə bağlı məsələlərdə də Britaniya və Fransa birlikdə daha aktiv rol oynamağa çalışırlar. Düşünürəm ki, Polşa da müəyyən hərbi imkanların yerləşdirilməsi ilə bağlı açıqlamaları daha çox Rusiyanı çəkindirmək məqsədi daşıyır. Gələcəkdə əgər Rusiya Avropa İttifaqı ölkələrinə qarşı hər hansı genişlənmə siyasəti aparmağa çalışarsa, Polşa buna müqavimət göstərə biləcək ölkələrdən biri kimi çıxış edir. Bu baxımdan, Fransanın Polşada öz hərbi imkanlarını yerləşdirməsi Rusiyaya qarşı çəkindirici addım kimi qiymətləndirilə bilər. Hazırda bu çəkindirmə funksiyasını əsasən Almaniya və İtaliyada yerləşən ABŞ bazaları və oradakı nüvə başlıqları yerinə yetirir. Amma Fransa Polşanı da bu prosesə cəlb etməklə gələcəkdə bu imkanları gücləndirməyə çalışır.
Bu addım daha çox  siyasi xarakter daşıyır. Bu, həm Avropa İttifaqının, xüsusilə Fransanın təhlükəsizlik narahatlıqlarından irəli gəlir, həm də Avropa ölkələrinin Rusiya ilə təkbaşına üz-üzə qalmaq qorxusundan qaynaqlanır. Ona görə də belə bir addımın məqsədi həm Rusiyaya mesaj verməkdir ki, Avropa özünü qorumağa qadirdir, həm də ABŞ-a mesaj verməkdir ki, əgər onlar Avropanı əvvəlki kimi qorumasalar, Avropa öz təhlükəsizliyini özü təmin etməyə məcbur olacaq".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31