Ukrayna prezidenti Azərbaycana gələcək
4 Dekabr 2013 13:55 SiyasətAzərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli bu ölkənin xarici işlər nazirinin birinci müavini Ruslan Demçenko ilə görüşüb. "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi xəbərə görə, Ruslan Demçenko cari ilin 5-6 dekabr tarixlərində Kiyevdə keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasında Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyətini iştirak etməsinin yüksək qiymətləndirildiyini, Ukrayna prezidenti Viktor Yanukoviçin 2014-cü ildə Azərbaycana nəzərdə tutulan rəsmi səfəri ərəfəsində Elmar Məmmədyarovun Ukraynaya rəsmi səfər etməsinin arzu edildiyini də bildirib. Səfir Eynulla Mədətli öz növbəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ukraynaya cari ilin 17-18 noyabr tarixlərində etdiyi rəsmi səfərin ikitərəfli əməkdaşlıq üçün çox əhəmiyyətli olduğunu deyib, səfərin yüksək səviyyədə təşkilinə görə Xarici İşlər Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib, əməkdaşlığın bundan sonra daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.