Polşanın nüvə seçimi: Varşava Fransanın "çətiri" altına keçir? – ÖZƏL
15:36 SiyasətPolşa Avropada nüvə təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirməyi hədəfləyən Fransanın "Qabaqcıl Çəkindirmə" təşəbbüsünə qoşulub. Bu barədə Parisdə keçirilən görüşdə Emmanuel Makron və Donald Tusk açıqlama veriblər. Tusk bildirib ki, Polşa hələlik ərazisində Fransanın nüvə silahlarının yerləşdirilməsini nəzərdən keçirmir, lakin nüvə əməkdaşlığına qoşulmaq Avropada çəkindirmə mexanizmlərinin gücləndirilməsi deməkdir. Bu addım Polşanın NATO daxilində hərbi rolunun və Avropanın təhlükəsizlik arxitekturasındakı çəkisinin artması kimi qiymətləndirilir.
"Qeyd etdiyiniz məsələlər mövcuddur. Hətta səhv etmirəmsə, dünən Kremlin sözçüsü Dmitri Peskov da bu məsələyə münasibət bildirmişdi və qeyd etmişdi ki, bu vəziyyət Avropada militarizasiya siyasətinin gücləndiyini bir daha göstərir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Şakir Ağayev deyib. Siyasi şərhçi bildirib ki, Polşanın Fransa ilə bu təşəbbüsü, ilk növbədə, Fransanın burada əsas rol oynamaq istəyi ilə bağlıdır. Bildiyiniz kimi, ABŞ ilə Avropa arasında gərginlik yarandıqdan sonra Fransa bu fürsətdən istifadə etməyə çalışır. O, Avropanın təhlükəsizlik çətirini öz üzərinə götürmək və onu öz nəzarətində saxlamaq niyyətindədir. Çünki Avropada nüvə silahına malik əsas dövlətlər Fransa və Böyük Britaniyadır. Almaniyaya isə bu qadağan olunub. Böyük Britaniya artıq Avropa Birliyinin üzvü deyil. Bu baxımdan, Avropa Birliyində liderliyə can atan və bu mövqeyi gücləndirmək istəyən Emmanuel Makron mövcud geosiyasi vəziyyətdən istifadə etməyə çalışır. ABŞ ilə Avropa arasındakı gərgin münasibətlər fonunda Fransa bir müddət əvvəl də qeyd etmişdi ki, Avropanın təhlükəsizlik və nüvə çətirini öz üzərinə götürə bilər. Bununla da Fransa Avropa Birliyi daxilində liderlik mövqeyini möhkəmləndirmək niyyətindədir.
"Şübhəsiz ki, Polşa da bu təşəbbüsə öz maraqları çərçivəsində qoşulur və bundan təhlükəsizlik təminatı əldə etmək istəyir. Baxmayaraq ki, Fransanın nüvə arsenalı o qədər də böyük deyil və təxminən 200-ə yaxın nüvə başlığından ibarətdir. Eyni zamanda məlumdur ki, Avropa ölkələri arasında ABŞ-nin ən çox hərbi qüvvə yerləşdirdiyi ölkələrdən biri məhz Polşadır. Hətta vaxtilə Polşanı ABŞ-nin "beşinci dayağı" kimi də xarakterizə edirdilər. Yəni keçmiş sosialist blokuna daxil olan Şərqi Avropa ölkələri arasında ABŞ-nin maraqlarını ən çox qoruyan və təhlükəsizlik baxımından ən çox dəstək alan ölkələrdən biri Polşa olub. Lakin Polşa son dövrlərdə baş verən hadisələri diqqətlə izləyir. ABŞ-nin, xüsusilə də Donald Tramp dövründə Avropa ilə münasibətlərində yaranan gərginliklər, eləcə də Yaxın Şərqdə baş verən proseslər fonunda ABŞ-nin müttəfiqlərini hər zaman effektiv şəkildə qoruya bilməməsi bu ölkəni alternativ təhlükəsizlik mexanizmləri axtarmağa vadar edir", - deyə ekspert əlavə edib.
Siyasi şərhçinin fikrincə, Polşa Fransanın nüvə çətiri altında təhlükəsizlik təminatı əldə etməyə çalışır. Bu isə ABŞ ilə Avropa arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər. Onsuz da ABŞ, xüsusilə Tramp administrasiyası dövründə, Avropadan qoşunların çıxarılması və NATO çərçivəsində aktivliyin azaldılması ilə bağlı siqnallar verirdi. Bu proseslər, şübhəsiz ki, həm NATO daxilində, həm də ABŞ-Avropa münasibətlərində gərginliyi daha da artıra bilər. Eyni zamanda, Fransanın liderliyi ilə formalaşan bu yeni yanaşma müəyyən mənada Avropanın ABŞ ilə mövcud təhlükəsizlik əlaqələrindən tədricən uzaqlaşmasına yönəlmiş addım kimi də qiymətləndirilə bilər.
Səidə Ramazanova