Ötən il Avropada müsəlmanlara qarşı 876 insident olub

Onun 326-sı Fransanın payına düşür

"Fransa və Belçika hökumətləri, parlamentləri adına haqq etməyən yığıncaqlarını, ikiüzlü, qərəzli, qərəzli olduğu qədər də savadsızcasına hazırlanmış anti-sülh və anti-region mahiyyətli qətnamələrini qətiyyətlə pisləyirəm". "Olaylar" xəbər verir ki, bunu Milli Mclisin deputatı Sahib Alıyev deyib: "Ona görə anti-region mahiyyətli adlandırıram ki, Cənubi Qafqazın geosiyasi subyekt kimi çıxış edə bilməsi üçün, ilk növbədə buradakı ölkələr arasında sülh olmalıdır. Bunun özlərinə də əl verdiyi Brüsseldəkilərə yaxşı bəlli olduğu halda, görünür müstəmləkəçilik dönəmindən qalma mərəzləri və güclü islamofobiya onları praqmatik siyasət yeritməyə qoymur.
İslamofobiyanın orada necə gücləndiyi isə ötən ilin statistikasından da görünür. Avropada ötən il müsəlmanlara qarşı hələ özlərinin açıqladıqları 876 insident olub ki, onun da 326-sı Fransanın payına düşür. Parlamentinin üzvü Julyen Odulun "İslam irq deyil, din olduğundan islamofobiya qanunidir" dediyi ölkənin.
Əlbəttə belə də sual oluna bilər ki, dənizaşırı torpaqlarını saydığınız adalardakıların çoxu xristianlaşdırdıqlarınızdır, bəs onlara qarşı dözümsüzlüyünüz nə ilə bağlıdır?
Xankəndindəki keçmiş qondarma rejimin başında duranların həbsini pisləyən və azadlığa çıxmalarını istəyənlər, yəqin unudurlar ki, nə Qarabağ Konqo deyil, nə də Bakıda məhkəmə qarşısına çıxarılanlar həmin Konqodan tutulub gətirilərək Tervürendə baxanları əyləndirmək üçün zooparkda meymun sayağı göstərilənlərdir. Onlar minlərlə azərbaycanlının qətliində suçlu bilinən hərbi cinayətkarlardır ki, Milli Məclisin bəyanatında da vurğulandığı kimi, uyğun qurumlar da bunun yaxşı fərqindədir.
Görəsən bir tərəfdən Azərbaycan rəsmiləri ilə yeni ikitərəfli anlaşma haqqında danışıqlara başlamaq üçün görüş keçirən, digər tərəfdən isə eyni gündə belə bir addım atanlar özləri haqda nə düşünürlər? Həm də bilə-bilə ki, bu strateji rəqib, hətta düşmən gözündə gördükləri dövlətin maraqlarına tam cavab verən hərəkətdir. Eynilə hay diasporunun, daha dəqiqi onların daşnaklardan ibarət hissəsinin bu qətnamədən dörd gün qabaq Parisdə keçirdikləri yığıncaqları kimi.
Həmin yığıncağın maliyyəsini məhz Rusiyadan ora təşrif gətirən oliqarx Ara Abramyanın verdiyini və burada da məqsədin yenə bu regionda sülhə maneçilik olduğunu bəyəm Yelisey sarayındakılar bilmirlər? Elə isə nədən həmin yığıncaqdan iki gün sonra özünü buraxanların bir neçə nümayəndəsi ilə Fransa və Avropa Parlamentində görüş keçirildi?
Amma nə edirlər etsinlər, hay məsələsini qaldırdıqları zaman ortaq niyyətləri var ki, ona çata bilməyəcəklər. Azərbaycan onların cavabını sivilizasiyalarından saydıqlarının dağıtdıqları yerləri cənnətə çevirmək və uçurulan məscidlərin yerində daha möhtəşəmini tikməklə ən təsirli şəkildə verir və verəcəkdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31