Paşinyana 50 milyon avroluq “cəza”

Seçkiöncəsi Avropa İttifaqı bunu nə üçün etdi?

"Avropa İttifaqı Ermənistanda parlament seçkiləri ərəfəsində bu ölkəyə ayrılması nəzərdə tutulan 50 milyon avro maliyyə yardımını təxirə salıb".

Musavat.com xəbər verir ki, bu barədə "Armenia Today" nəşri yazır. Bildirilir ki, bu vəsait "hibrid təhdidlər və dezinformasiya ilə mübarizə" məqsədi daşıyırdı.

İddia olunur ki, Ermənistanın baş naziri Nikol Paşinyan xarici işlər naziri Ararat Mirzoyana təcili Brüsseldə Kaya Kallasla bu məsələ ilə bağlı gerçəyi dəqiqləşdirməyi tapşırıb.

Nəşrin iddiasına görə, Kallas bildirib ki, yardımın ayrılması təxirə salınır, çünki Aİ öhdəliklərinin icrasında prioritet Ukraynaya verilib. Brüssel isə əlavə edib ki, "bu məsələnin həlli üçün bütün səylər göstəriləcək".

Məlumata görə, Paşinyan bu cavabdan narazı qalıb. Mənbə onun belə dediyini iddia edir: "Hazırda bu pullar bizə Ukraynadan daha çox lazımdır. Bu 50 milyon avro Ukraynadakı vəziyyəti dəyişməyəcək, amma bizə çox lazımdır".

Aprelin 15-də Paşinyan Avropa İttifaqı ilə yaxınlaşma kursunu davam etdirmək niyyətində olduğunu bəyan edib və mövcud münasibətlərin səviyyəsini "misilsiz" adlandırıb. Daha əvvəl - martın 19-da Aİ parlament seçkiləri dövründə hibrid təhdidlərin qarşısını almaq üçün Ermənistana maliyyə ayıracağını və risklərin monitorinqi üçün ekspert qrupu göndərməyi planlaşdırdığını açıqlamışdı.

Paşinyan administrasiyasının Avropa inteqrasiyası xəttini aktivləşdirməsi fonunda belə gecikmələr Ermənistan daxilində ciddi  suallar doğura bilər: Avropa İttifaqı bu ölkəni real təhlükəsizlik və maliyyə tərəfdaşı kimi görür, yoxsa daha çox siyasi təsir zonası kimi?

Digər tərəfdən, Aİ-nin mövqeyi də tam başa düşüləndir. Ukrayna müharibəsi fonunda Brüssel həm maliyyə, həm siyasi, həm də təhlükəsizlik resurslarını məhdudlaşdırılmış şəkildə bölüşdürməyə məcburdur. Bu isə avtomatik olaraq "ikinci xətt" ölkələr üçün qeyri-sabit dəstək mexanizmi yaradır.

Yardımın məhz seçkilər ərəfəsində nəzərdə tutulması və sonra təxirə salınması yaxınlaşan kritik parlament seçkiləri ərəfəsində Nikol Paşinyan hakimiyyətinə ciddi zərbədir, seçkilərdə ən mühüm təbliğatından məhrum olması və bəlkə də uduzması deməkdir. Amma Aİ-nin bu addımı heç də təsadüfi deyil. Aİ adətən belə hallarda maliyyəni siyasi şərtlərlə bağlayır, proseslərə dolayı təsir imkanlarını qoruyur və lazım gəldikdə təzyiq aləti kimi istifadə edir. Paşinyan Rusiyaya son səfərində Vladimir Putinlə görüşündə Ermənistanın Aİ ilə yaxınlaşması Moskvanın qırmızı xətti xəbərdarlığı edilib. Nikol Paşinyan Qərbə yaxınlaşmanı "misilsiz" adlandırsa da, real nəticələr hələ ki gecikən maliyyə, qeyri-müəyyən dəstək, və prioritetlərin başqa regionlara yönəlməsi ilə müşayiət olunur. Bu isə sadə nəticəyə gətirir, Aİ ilə yaxınlaşma siyasi bəyanatlarda sürətli görünür, amma praktik müstəvidə hələ də məhdud və şərti xarakter daşıyır.

Seçkilərə az vaxt qalmış Avropa İttifaqının bu addımı Paşinyana ciddi zərbədirmi? Nə üçün belə edildi?

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31