Erməni saxtakarlıqlarının ifşası istiqamətində görülən işlər açıqlanıb
12:26 SiyasətErməni saxtakarlıqları və plagiatçılığının ifşası istiqamətində görülən işlər açıqlanıb.
Trend xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" münasibətilə keçirilən "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya qədim Turan haqqında və Kiçik Asiya ərazilərində prototürk qəbilələri və onların Qafqaz ilə əlaqələri" mövzusunda konfrans çərçivəsində mediaya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın xalq artisti Elmira Rəhimovanın ifa etdiyi "İntizar" mahnısı (musiqisi bəstəkar Nüşabə Muradovaya, sözləri şair Südabə Şəfaya məxsusdur) erməni musiqi nümunəsi kimi Artash Asatryanın ifasında "Ter Hisus Ari" adı altında "YouTube" platformasında yerləşdirilib. Erməni ifaçı özünü söz və musiqi müəllifi kimi təqdim edib.
"Xalq artisti Brilliant Dadaşovanın ifa etdiyi, musiqisi bəstəkar Gülər Həsənovaya və sözləri şair Baba Vəziroğluna məxsus olan "Yeni il mahnısı" digər erməni müğənnisi Tiqran Asatryanın ifasında "Qez Hamar" adı ilə "YouTube"da yerləşdirilib. Erməni qarmon ifaçısı Qagik Stepanyan "Bəs nə deyim", "Ay bəri bax", "Niyə yox deyirsən" və "Güman yeri var" Azərbaycan mahnılarının musiqisindən istifadə edərək popuri hazırlayıb və "YouTube"da yerləşdirib, lakin mahnıların adlarını və müəlliflərini göstərməyib. Erməni əsilli Kipr müğənnisi Ovik Dəmirçyan da musiqisi bəstəkar Ələkbər Tağıyevə, sözləri şair Mikayıl Müşfiqə məxsus olan "Qal, sənə qurban" mahnısını mənimsəyərək erməni mahnısı kimi yunan dilində "Hara gedir" adı ilə ifa edib və "YouTube" platformasında yayıb.
Agentlik tərəfindən görülən tədbirlər nəticəsində bu kimi erməni oğurluqlarının qarşısı alınıb. Belə ki, Artash Asatryan, Tiqran Asatryan, Qagik Stepanyan və Ovik Dəmirçyanın erməni nümunələri kimi təqdim etdikləri yuxarıda qeyd olunan ifalar "YouTube" platformasından silinib".