Tehrandan xalqa hədə – İsraili dəstəkləyənlərin əmlakı müsadirə olunacaq
11:51 Siyasətİran parlamentinin Məşhəd şəhərindən olan nümayəndəsi və mədəniyyət komissiyasının üzvü Həsən Əli Əxlaqi Amiri, İslam Respublikasına qarşı aparılan müharibədə "düşmən tərəf"də duran vətəndaşlara qarşı ən sərt cəzaların tətbiq olunacağını bəyan edib.
Musavat.com xəbər verir ki, Amiri dövlətə xəyanət edənlərin həm vətəndaşlıqdan, həm də bütün mülkiyyət hüquqlarından məhrum ediləcəyi ilə bağlı rəsmi xəbərdarlıq edib.
Həsən Əli Əxlaqi Amiri bildirib ki, İsrail və digər düşmən dövlətlərlə əməkdaşlıq edərək İranın milli təhlükəsizliyinə və maraqlarına zərbə vuran şəxslər üçün "bağışlanma" dövrü bitib. "İsraillə işbirliyi və milli mənafelərə qarşı fəaliyyət əmlakın müsadirəsinə səbəb olur və son nəticədə vətəndaşlıqdan məhrum edilməyə gətirib çıxara bilər", - deyə deputat vurğulayıb.
Bu bəyanat Tehranda "Xalq Mücahidləri" təşkilatının iki üzvünün İsrail kəşfiyyatı ilə əməkdaşlıq ittihamı ilə edam edilməsindən və sonuncu şahın oğlu Rza Pəhləvinin xalqı itaətsizliyə çağırmasından dərhal sonra səslənib. Hakimiyyət bu yolla xaricdən dəstəklənən etiraz dalğasının qarşısını almaq və daxildəki "beşinci kolon"u tamamilə zərərsizləşdirmək niyyətindədir.
Ekspertlər qeyd edirlər ki, vətəndaşlıqdan məhrum etmə hədəsi xüsusilə xaricdə yaşayan və rejimi kəskin tənqid edən İran vətəndaşlarına qarşı bir təzyiq rıçağıdır. Bu, həmin şəxslərin İrandakı bank hesablarının dondurulması və ailə mülklərinin dövlət nəfinə müsadirə edilməsi üçün hüquqi zemin yaradır.