Meloni Solovyovun təhqirlərinə BELƏ CAVAB VERDİ

İtaliyanın baş naziri Corca Meloni rusiyalı təbliğatçı Vladimir Solovyovun onun ünvanına səsləndirdiyi təhqiramiz ifadələrə kəskin reaksiya göstərib.

Musavat.com xəbər verir ki, hökumət başçısı bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Meloni cavabında rusiyalı jurnalistin tənqidlərinə bu sözlərlə toxunub:

"Rejimin zəhmətkeş təbliğatçısının öz təbiəti etibarilə nə ardıcıllıq, nə də azadlıq dərsi verməyə ixtiyarı yoxdur. Bu cür karikaturalar bizi yolumuzdan döndərə bilməz. Başqalarından fərqli olaraq, biz heç kimdən asılı deyilik, sahibimiz yoxdur və əmr qəbul etmirik. Bizim tək bir istiqamətimiz var: İtaliyanın maraqları. Dünyanın hər yerindən gələn təbliğatçı etirazlarına rəğmən, bu yolla qürurla davam edəcəyik".

Xatırladaq ki, bundan əvvəl İtaliyanın xarici işlər naziri Antonio Tajani Rusiyanın Romadakı səfiri Aleksey Paramonovun Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.

Tajaninin sözlərinə görə, rəsmi etiraza səbəb Solovyovun baş nazirə qarşı işlətdiyi "son dərəcə ciddi və təhqiramiz bəyanatlar" olub.

Məlumat üçün bildirək ki, Vladimir Solovyov öz proqramında Melonini "seçicilərinə xəyanət edən faşist məxluq" və "axmaq" adlandıraraq təhqir edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31