Rusiya neft sənayesində böhran – İki nəhəng zavod dayandı, hasilat son 6 ilin rekord həddinə düşdü
11:37 Siyasət"Reuters" agentliyinin sahə mənbələrinə istinadən yaydığı şok məlumata görə, Ukrayna PUA-larının silsilə zərbələrindən sonra Rusiyanın neft emalı infrastrukturu iflic vəziyyətinə düşüb.
Musavat.com xəbər verir ki, "Rosneft" şirkətinə məxsus strateji əhəmiyyətli Tuapse və Novoquybişevsk neft emalı zavodları (NEZ) fəaliyyətini tamamilə dayandırıb.
Aprelin 16-da gecə saatlarında həyata keçirilən kütləvi PUA hücumu nəticəsində Tuapse zavodunun rezervuar parkı və liman infrastrukturu ağır zədə alıb. Mənbələrin bildirdiyinə görə, aprelin 21-nə olan məlumata əsasən, obyektdə yanğınların söndürülməsi hələ də davam edir. 430 min kubmetr tutumu olan rezervuar parkının böyük hissəsi sıradan çıxıb ki, bu da zavodun işini qeyri-müəyyən müddətə dondurub.
Samara vilayətində yerləşən Novoquybişevsk NEZ isə aprelin 18-nə keçən gecə hədəf alınıb. Hücum nəticəsində zavodun ən müasir və həlledici qurğuları sıradan çıxarılıb. Aprelin 21-də yayılan rəsmi hesabata görə, zavod xammal qəbulunu və neftin ilkin emalını tam dayandırmaq məcburiyyətində qalıb.
Emal zavodlarının dayanması və ixrac limanlarındakı qəzalar Rusiyanın neft hasilatına birbaşa zərbə vurub. "Reuters"in hesablamalarına görə, aprel ayında hasilat gündəlik 300-400 min barel azalıb. Bu, 2020-ci ilin pandemiyasından bəri qeydə alınan ən kəskin və sürətli enişdir.
Ekspertlər xəbərdarlıq edirlər ki, neft hasilatının və emalının bu templə azalması Rusiya dövlət büdcəsinin gəlirlərinə aylıq milyardlarla dollar ziyan vuracaq. Hazırda daxili bazarda yanacaq qıtlığının yaranmaması üçün hökumətin benzin ixracına qadağanı daha da sərtləşdirəcəyi gözlənilir.