Qalibafın həyat hekayəsi...

Rus yazıçısı Anton Çexovun "Qılaflı adam" hekayəsinin qəhrəmanı dünyadan təcrid olub öz qınına çəkilən, sərt, kobud bir personajdır. Vasvası, mühafizəkar və qapalı obraz olan Belikov hətta ən isti havada belə qapalı geyinir. İran siyasətinin "Qılaflı adamı"- hazırda rəsmi olaraq İran Məclisinə (parlament) rəhbərlik edən, amma yayılan iddialara görə, hazırda "külli-ixtiyar" sahibi Məhəmməd Bağır Qalibaf da  mühafizəkar və sərt görünən bir personadır.

Son hadisələrə qədər Qalibaf İran siyasi səhnəsində üçüncü və ya dördüncü planda olan hakimiyyətin bir qolunun rəhbəri idi, amma əsas söz sahibi deyildi. ABŞ və İsrailin 28 fevralda başlayan müharibədə İranın siyasi və dini elitasının qətli Qalibaf fiqurunu önə çıxardı. İndi o, təkcə parlamentin sədri deyil, ABŞ ilə danışıqlarda nümayəndə heyətinə rəhbərlik edir. Yəni Tehranın adından o danışır, Uitkof və Venslə o müzakirə aparır, faktiki İranın üç əsas siması varsa, biri Qalibafdır...

Ah, Laricani, ah!

Qalibaf o adam idi ki, Tramp barəsində "onu axtarırıq, bir həftəyə öldü xəbər verəcəyik", - deyə anons etmişdi. Lakin necə oldusa, ABŞ onu hədəf taxtasından çıxardı, aradan götürmək istəmədi, hərçənd yəqin ki, ali dini lideri öldürən güc Qalibafı da "qara siyahı"ya sala bilərdi. Görünür ki, Vaşinqtona onunla danışa biləcək "ağlı başında" biri lazım idi...

Müharibə hər an başlaya bilər - Qalibaf - Globalinfo.az

"Hürriyet" qəzetinin köşə yazarı Ahmet Hakan yazmışdı ki, Laricaninin bir xarizması var idi: "O, Kantı tanıyırdı, fəlsəfəni sevirdi. Dünya malına marağı yox idi. Təmkinliliyi təsirli idi. Bugünlərdə İranda məşhur olan Qalibafa gəldikdə isə... Onun korrupsiya meylləri olduğu deyilir. O, daim prezidentliyə namizəd olması və sonra başqaları naminə yarışdan geri çəkilməsi ilə məşhurdur. Ah, Laricani, ah! Gör indi geridə qoyduğun boşluğu kimlər doldurur..."

BBC isə yazır ki, hələ 2008-ci ildə Qalibaf İranın nüvə proqramına dair ABŞ ilə dialoqu dəstəkləyirdi. Həmin dövrdə o, belə danışıqların hər kəsə - İrana, ABŞ-yə və bütövlükdə beynəlxalq ictimaiyyətə fayda verəcəyinə inanırdı. Lakin bir çox ekspertlər Məhəmməd Bağır Qalibafı İrandakı mövcud nizamın tərəfdarı kimi qiymətləndirirlər. Bu isə onu Vaşinqtona hər hansı əhəmiyyətli güzəştlər təklif etmək üçün ehtimal olunmayan bir namizədə çevirir. Çünki Qalibaf parlament sədri statusundan öncə bir SEPAH-çıdır, radikal-mühafizəkar qata yaxındır. Bəs bəzi ekspertlərin "İrana rəhbərlik edə biləcək güclü lider" adlandırdıqları bu adam kimdir? "Persona" bu həftə ondan danışacaq...

Məşhəd doğumlu, kürd və fars əsilli...   

Məhəmməd Bağır Qalibaf 1961-ci ildə İranın şimal-şərqində yerləşən, keçmiş ali rəhbəri Əli Xameneinin də doğulduğu Məşhəddə anadan olub. Onun atası Hüseyn Qalibafın milliyyətcə kürd, anası Xeyir al-Nasanın fars olduğu bildirilir. Qalibaf Tehran Universitetində coğrafiya üzrə bakalavr dərəcəsi (sonradan orada professor olub) və İslam Azad Universitetində magistr dərəcəsi alıb. O, doktorluq dərəcəsi də alıb.

İraq savaşının komandiri, pilot...

Qalibaf karyerasına 19 yaşında başlayıb və 1980-ci ildə yeni yaradılmış İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) qoşulub. İran-İraq müharibəsi zamanı Qalibaf tez bir zamanda vəzifə pillələrində yüksəlib, 1982-ci ildə İmam Rza Briqadasının ümumi komandiri, 1983-1984-cü illərdə isə ən qanlı döyüşlərdə iştirak edən  "Nəsr" diviziyasına komandanlıq edib. Bu hərbi təcrübə onun sonrakı karyerasının təməlini təşkil edib. 1990-cı illərin sonlarında Qalibaf hərbi rəhbərliyin ən yüksək eşelonlarına çatıb: 1997-ci ildən 2000-ci ilə qədər SEPAH Aerokosmik Qüvvələrinin komandanı vəzifəsində çalışıb. Bu vəzifə ona təkcə İranın ən qabaqcıl hərbi texnologiyasına çıxış imkanı verməyib, həm də SEPAH-dakı əsas fiqurlarla güclü əlaqələr qurmağa fürsət yaradıb. Qalibaf həm də ixtisaslı hərbi pilotdur və sərnişin təyyarələrini idarə etmək bacarığı olduğunu deməyi sevir.

Trampın İrandakı "sirli namizədi": Məhəmməd Qalibaf kimdir? - DOSYE |  Modern.az

Qalibafın karyerası həm də İranda daxili etirazların yatırılması ilə bağlıdır və onun tərcümeyi-halının bu hissəsi ən çox mübahisəyə səbəb olub. 1999-cu ildəki tələbə etirazları fonunda Qalibaf İran Milli Polisinin komandiri təyin edilib. O, islahatçı prezident Məhəmməd Hatəmiyə nümayişçilərə qarşı qətiyyətli tədbirlərin görülməsinin vacibliyi barədə xəbərdarlıq məktubu imzalayan 24 nəfər SEPAH komandiri arasında idi. İnsan haqları təşkilatları iddia edir ki, Qalibaf son 25 ildə İranda baş verən bütün əsas etiraz dalğalarının yatırılmasında əsas rol oynayıb.

Dörd dəfə prezidentliyə namizəd

Qalibaf dörd dəfə prezidentliyə namizədliyini irəli sürüb: 2005, 2013, 2017 və 2024-cü illərdə. Onun ən uğurlu kampaniyası 2013-cü ildə olub. Lakin Qalibaf qələbə çala bilməyərək Həsən Ruhanidən sonra ikinci yeri tutub.

2005-ci ildə o, yalnız dördüncü yeri tutub, o vaxtlar az tanınan mühafizəkar Mahmud Əhmədinejad isə qalib gəlib. 2017-ci ildə Qalibaf kampaniya başladıb, lakin başqa bir mühafizəkar namizəd İbrahim Rəisinin lehinə geri çəkilib. 2024-cü ildə prezidentlik üçün etdiyi son cəhd ona yalnız üçüncü yeri qazandırıb. Bu seçkilərdə Məsud Pezeşkian qalib gəlib.

2005-ci ildəki  məğlubiyyədən dərhal sonra Qalibaf Tehranın meri seçilib və  12 il bu vəzifəni tutub. Tərəfdarları onu metronun genişləndirilməsi və parkların salınması da daxil olmaqla, şəhər infrastrukturunun inkişaf etdirilməsinə görə tərifləyirlər. Lakin tənqidçiləri onun səlahiyyət müddəti ərzində korrupsiya qalmaqallarını da qeyd edirlər. Tehran meri vəzifəsinin son illərində o, müəyyən şəxslərə astronomik miqdarda daşınmaz əmlak və bələdiyyə ilə bağlı araşdırmanın qarşısını almaq üçün 65 milyon tümən rüşvət verməkdə ittiham olunmuşdu.

Qalibaf: Müharibə istənilən an yenidən başlaya bilər

Qalibafın Bakıya gəlişinin səbəbi 

Başqa mənbələrə görə, prezident Məsud Pezeşkinın mülki idarəetməyə diqqət yetirməsi ilə Qalibaf strateji və hərbi rəhbərliyi öz üzərinə götürüb.

O, 2020-ci ildə öldürülən general Qasım Süleymaninin yaxın silahdaşı idi və bu da ona SEPAH-dan yüksək səviyyədə etimad qazandırırdı. Ona görə bu gün də yaranmış böyük boşluqda Qalibaf önə çıxıb. Parlamentin sədri  xüsusilə ABŞ və İsrailə qarşı sərt ritorikası, İranın hərbi gücünü müdafiə etməsi ilə diqqət çəkir. Onun mart və aprel aylarında ABŞ-yə etimadsızlığını ifadə edən və İranın raket imkanları ilə bağlı iddiaları təkzib edən bəyanatları ictimaiyyətin diqqətini cəlb etməkdədir. O, İranı "90 milyonluq bədən" adlandırıb. Qalibafın sonuncu açıqlamasında ən maraqlı detal isə Trampı bir gündə 7 dəfə yalan danışmaqda ittiham etməsidir. Azərbaycanla əlaqələrinə gəlincə, ötən il Milli Məclisin sədri Sahibə Qafarova Asiya Parlament Assambleyasının 15-ci plenar iclasında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bagir Qalibafla görüşüb. Qalibaf İranın 3+3 platformasını tam dəstəklədiyini vurğulayıb. Görüşdə həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin və Şərqi Zəngəzuru Naxçıvanla birləşdirəcək yol bağlantısının əhəmiyyəti  vurğulanıb.

Xomeyninin kəsdiyi nikah və "korrupsioner ailə"

Qeyd edək ki, Məhəmməd Bağır Qalibaf evlidir, 1982-ci ildə Zəhra-Sadat Moşir-Esteharehlə ailə qurub. İran mediasında gedən yazılara görə, onların nikahını inqilabın lideri Ruhulla Xomeyni kəsib. Onların üç övladı var: Elyas, Eşaq və Məryəm. Qalibafın ailə üzvlərinin adı dəfələrlə qalmaqallı məsələlərdə hallanıb. Məsələn, onun ikinci oğlu Eşaqın adı 2015-ci ildə 8 trilyon tümən pulun yoxa çıxması və Avstraliyaya qaçması ilə bağlı xəbərlərlə gündəmə gəlmişdi. Qalibafın böyük oğlu Elyas atası ilə birlikdə bir çox proqram və tədbirlərdə görünür və onun adı dəfələrlə "maliyyə pozuntuları və korrupsiya" ilə əlaqədar olaraq çəkilib. Spikerin qızı Məryəmin adı isə mediada  illər öncə Tehranın Lavizan parkında dəbdəbəli toy mərasiminə görə hallanmışdı. Məryəmin Türkiyədə dəbdəbəli mülklərə sahibi olduğu da bildirilir. Qalibafın həyat yoldaşı Zəhra-Sadat Moşir Tehran bələdiyyəsində qadınlarla iş üzrə direktor vəzifəsini ərinin himayəsi sayəsində tutub və bir neçə ildən sonra istefa verib. Zəhra Sadat Moşirin adı "İmam Rza Xeyriyyə Fondu"nun fəaliyyəti ilə dəfələrlə gündəm olub. O, fondun qəyyumlar şurasının rəhbəri təyin ediləndən sonra Tehran Bələdiyyəsinin bu quruma dəfələrlə böyük maliyyə ianələri etdiyi aşkarlanıb. Qalibafın adı 2022-ci ildə də daha bir korrupsiya qalmaqalına qarışmışdı. Onun Türkiyəyə ailə səfərindən sonra hava limanında uşaq arabası da daxil olmaqla, böyük miqdarda uşaq məhsulu aparması ilə bağlı fotoların dərc edilməsi geniş etirazlara səbəb olmuşdu. Tənqidçiləri onu "riyakarlıq və yalançı dindarlıqda" günahlandırdılar, lakin Qalibaf tərəfdarlarına bunun onu İran siyasətindən uzaqlaşdırmağa yönəlmiş siyasi hücum olduğunu söyləmişdi. Kəsəsi, sanki İran siyasətinin ən parlaq simaları öldürüldüyü üçün ümid Qalibafa qalıb. Bundan sonra Qalibafın siyasi həyatında nələr olacağını görəcəyik...

Emil SALAMOĞLU,

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31