Milli Şura AXCP-nin nəzarətinə keçdi - SİYASİ ŞƏRH

Müsavat mövqelərini itirdi, partiya qurumu tərk edə bilər

Milli Şuranın son sessiyası gərginliyi ilə yadda qalıb. Sessiyanın AXCP-nin qərargahına salınması proseslərin Əli Kərimlinin iradəsi ilə yekunlaşacağını söyləməyə əsas verirdi. Belə də olub. Bəllidir ki, Rüstəm İbrahimbəyovun həmsədrlik təklifi AXCP-də razılıqla, Müsavatda narazılıqla qarşılanmışdı. İsa Qəmbər, Arif Hacılı, Rauf Arifoğlu, Arzu Səmədbəyli bu ideyaya qarşı çıxmış, kinodramaturqa həqarət etməkdən belə qalmamışdılar. Müsavat Rauf Arifoğlunun dili ilə bəyan etmişdi ki, İbrahimbəyovun təklifi keçsə, Müsavat qurumu tərk edəcək. Seçkilərdəki uğursuzluq Müsavatın avantajını artırmışdı. Rauf Arifoğlunun timsalında Müsavat artıq diktə ilə danışmağa başlamışdı. Lakin Ukraynada baş verən hadisələrin protest elektoratında yaratdığı eyforiya sessiya günü Müsavatın mövqelərini zəiflədib. Müsavatın irəli sürdüyü bütün təkliflər narazılıqla qarşılanıb və keçməyib. Arif Hacılının Milli Şura üzvlərini, üzv partiyaları aşağılaması əlbəyaxa davaya qədər irəliləyib. Hacılı deyib ki, Müsavat və AXCP-dən başqa yerdə qalan partiyaların real gücü yoxdur. Maraqlıdır ki, bu fikrə AXCP və KXCP-dən də etiraz ediblər.   Bu nüans artıq Müsavatın öz iddiaları ilə müxalifət düşərgəsinin ikrahını qazandığını göstərir. Müsavat başqanı İsa Qəmbərin də təklifi keçməyib. Müsavat rəhbəri sərt şəkildə bildirib ki, Rüstəm İbrahimbəyov Milli Şuranın fəxri sədri belə olmasın. Qəmbər bunu İbrahimbəyovun Rusiya vətəndaşı olması ilə əlaqələndirib. Müsavat sədrinin bu təklifi də etirazla qarşılanıb. Müstəqil hüquqşünas Namizəd Səfərov Müsavat liderinə etirazını bildirib. Maraqlıdır ki, AXCP funksioneri Seymur Həzi Müsavat yetkilisi Arif Hacılıya etiraz edib, AXCP sədri Əli Kərimli isə verdiyi təklifin üzərində dayanıb. Beləliklə, Rüstəm İbrahimbəyov sırf Müsavata inad Milli Şuranın fəxri sədri seçilib.

Əslində Milli Şurada baş verən sədr dəyişikliyi də Müsavatın xeyrinə deyil. Yeni sədr, qurumun prezidentliyə namizədi Cəmil Həsənli AXCP-yə yaxın adamdı. Uzun müddət AXCP sədrinin müavini olmuş Cəmil bəy 1993-cü ildən bu yana baş verən bütün proseslərdə Müsavatın əleyhinə olub. Bundan sonra da o daha çox AXCP-yə güvənəcək. Cəmil Həsənlinin sədr, İbrahimbəyovun fəxri sədr seçilməsi AXCP-nin Müsavata mesajıdır. AXCP bununla seçim etdi. Müsavatı atıb, ziyalılarla, müstəqillərlə, KXCP ilə, ALP ilə müttəfiqliyi davam etdirəcək. Milli Şuranın son sessiyası AXCP-nin şəksiz qələbəsi, Müsavatın məğlubiyyətidir. Sessiyadan məğlub çıxmış Müsavatın gücü yalnız özünə çatacaq. Arif Hacılı bəyan edib ki, Müsavat Partiyası Milli Şurada təmsilçilik məsələsinə yenidən baxacaq. Böyük ehtimalla, Müsavat rəhbərləri Milli Şurada təmsilçiliyi dəyişəcəklər. İsa Qəmbərin, Arif Hacılının, Arzu Səmədbəylinin qurumdan istefası realdır. Yəqin ki, Müsavatı bu qurumda Gülağa Aslanlı səviyyədə şəxslər təmsil edəcək. Müxalifətdə bu təcrübə var. ALP bir çox birliklərə qoşulsa da, partiyanı Lalə Şövkət yox, Əvəz Temirxan təmsil edib. KXCP İctimai Palatanın üzvü olsa da, Mirmahmud Mirəlioğlu quruma üzv olmadı, iclaslara getmədi. Yəqin Müsavat da belə edəcək. Hər halda partiya Milli Şuradan çıxsa, müxalifət düşərgəsində təklənəcək. Müsavatın İctimai Palatanı dirçəltməsi AXCP-siz mümkün deyil. Müsavat başqanı bir dəfə buna cəhd etsə də,  alınmadı. İP fəallarını öz kabinetində topladı, amma qurumu işlək vəziyyətə gətirə bilmədi. Real vəziyyət budur ki, Müsavatım müxalifət düşərgəsində mövqeləri zəifləyib. AXCP-nin önə çıxdığı artıq faktdır. Müsavat bundan sonra nə etsə, öz zərərinə olacaq. Yersiz iddialar bu partiyaya ciddi itkilər yaşada bilər.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00