Ermənistanda Aİ-nin "təhlükəsizlik çətiri": Hədəf kimdir? – ÖZƏL
14:54 SiyasətAİ səfirləri Ermənistanın hibrid təhdidlərə qarşı dayanıqlığını artırmaq və Rusiyanın regiondakı təsirini zəiflətmək məqsədilə ikinci mülki missiyanın göndərilməsini təsdiqləyib. Lakin bu addım sülh müqaviləsində nəzərdə tutulan "sərhəddə üçüncü tərəf qüvvələrinin yerləşdirilməməsi" bəndi ilə ziddiyyət təşkil edir.
"Brüsselin belə bir addım atması, görünür, regiondakı vəziyyətlə bağlıdır. Müəyyən qüvvələrin bu ölkənin daxili proseslərinə müdaxilə riskləri Avropa İttifaqında müəyyən narahatlıqlar yaradıb və bu addım da məhz həmin zərurətdən irəli gəlir".
Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, İranın Azərbaycanla münasibətlərində mövcud gərginlik, eləcə də Rusiya ilə Ermənistan arasında müşahidə olunan soyuq və mürəkkəb münasibətlər də bu qərara təsir edən amillər sırasında ola bilər. Yəni, bütün bunlar göstərir ki, məsələ təkcə daxili deyil, həm də xarici təhdid faktorları ilə bağlıdır. Şübhəsiz ki, Ermənistan hakimiyyətinin razılığı olmadan belə addımlar atılmazdı. Mənim fikrimcə, Azərbaycan tərəfindən Ermənistana qarşı hər hansı bir təhlükə və ya təhdid gözlənilmir. Bu təhlükə daha çox Rusiya və İran kimi kənar mənbələrdən qaynaqlana bilər. Bununla yanaşı, Ermənistan daxilində də kifayət qədər hərbiləşmiş qüvvələrin mövcudluğu danılmazdır. Məsələn, Rusiyanın 102-ci hərbi bazası və Moskvaya bağlı qüvvələr bu kontekstdə xüsusi qeyd olunmalıdır. Hətta bu proses beynəlxalq missiya kimi təqdim olunsa da, əslində məqsəd Ermənistanda baş verə biləcək mümkün təxribatların qarşısını almaq, vəziyyəti nəzarətdə saxlamaq və beynəlxalq güclərin bölgədə təmsilçiliyini təmin etmək ola bilər.
"Azərbaycan-Ermənistan münasibətlərinə gəldikdə isə, hazırda tərəflərin bir-birindən ciddi təhlükə gözləmədiyini demək olar. Xüsusilə Ermənistan parlament sədrinin "Ermənistan Azərbaycanın təhlükəsizliyinə, Azərbaycan da Ermənistanın təhlükəsizliyinə zəmanət verir" məzmunlu çıxışı bu baxımdan diqqət çəkir. Bu fikirdən belə nəticə çıxarmaq olar ki, sözügedən missiya birbaşa Azərbaycana qarşı yönəlməyib. Bununla belə, hələlik tərəflər arasında yekun sülh sazişi imzalanmayıb. Parlament səviyyəsində müəyyən addımlar atılsa da, sənəd rəsmi olaraq qüvvəyə minməyib. Bu səbəbdən də, sazişdən irəli gələn öhdəliklər, o cümlədən üçüncü tərəflərin proseslərdə iştirakı məsələsi yalnız rəsmi imzalanmadan sonra tam şəkildə tənzimlənə bilər.
Ekspert qeyd edib ki, bu addım daha çox seçkiqabağı və seçkidən sonrakı dövrdə Ermənistanda mümkün gərginliklərin qarşısını almağa, həmçinin müəyyən riskləri neytrallaşdırmağa yönəlib. Eyni zamanda, bu proses beynəlxalq missiya adı altında daha yumşaq formada təqdim olunur. Bu gün Cənubi Qafqaz ölkələri arasında açıq münaqişə zəmini müşahidə olunmur. Baş verənlər daha çox kənar güclərin təsir imkanlarını məhdudlaşdırmaq və potensial təhlükələri zərərsizləşdirmək məqsədi daşıyan addımlar kimi qiymətləndirilə bilər.
Səidə Ramazanova