Müsavat-AXCP savaşı qızışır
Əli Kərimli Rauf Arifoğlunu Müsavatdan ayırmaq istəyir
4 Dekabr 2013 13:15 SiyasətAXCP yanlı mətbuatda və cəbhəçi fəalların sosial şəbəkələrdəki səhifələrində Müsavat Partiyasının qurucularından biri, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı qara piara başlayıblar. AXCP fəalları Rauf Arifoğlunun Milli Şura və Rüstəm İbrahimbəyov əleyhinə açıqlamalarını tirajlayır, onu müxalifətə arxa çevirməkdə suçlandırırlar. Rauf Arifoğlu gerçəkdən də Milli Şura əleyhinə fikirlər səsləndirib, qurumu qeyri-işlək, təşkilati strukturları olmayan siyasi birlik kimi səciyyələndirib. Deyib ki, Rüstəm İbrahimbəyov istefa verməsəydi, həmsədrlik məsələsində dirəşsəydi, Müsavat Milli Şuranı tərk edəcəkdi. Bu fikir onu göstərir ki, Rauf Arfioğlu tək deyil, Müsavat rəhbərliyi onun kimi düşünür. Bu baxımdan AXCP-nin davası təkcə Arfioğlu ilə deyil. Müsavat rəhbərliyi ehtiyat edib, Arifoğlunu AXCP-dən müdafiə etməsələr, o zaman baş yazar Müsavatı da hədəfə alacaq. Rauf Arifoğlunun rəqibləri ilə təkbətək qaldığı ortadadır. Onun "Milli Şura dağılacaq, cəhənnəmə dağılsın" fikri yalnızlıqdan və əsəbdən doğan fikirdir. Hər halda AXCP fəallarının İsa Qəmbəri tərifləyib, Rauf Arifoğlunu hədəfə almaları xüsusi məqsəddən xəbər verir. AXCP fəallarını ürəkləndirən, Rauf Arifoğlunu pessimizmə yuvarlayan isə Rüstəm İbrahimbəyovun "Milli Şura sədrliyində qala biləcəyini" bəyan etməsidir. Maraqlıdır ki, "son günlər Cəmil Həsənliyə qarşı təzyiqlərin artdığını" iddia edən, "zəhmətkeş dəstəyi kampaniyası təşkil edən" AXCP də Rüstəm İbrahimbəyov qayıtmasını istəmir. AXCP-də istəyirlər ki, Milli Şuranın sədri onlara yaxın adam-Cəmil Həsənli olsun. Amma AXCP İbrahimbəyovun tam olaraq Milli Şuradan ayrılmasını da istəmir. İbrahimbəyov AXCP-yə Müsavatı parçalamaq, Rauf Arifoğlunu partiyadan qoparmaq üçün lazımdır. Proses ona doğru gedir. Artıq Rauf Arfioğlu təklənmiş kimi görünür. AXCP funksionerlərindən Xaliq Bahadır, Natiq Ədilov, Əbülfəz Qurbanlı açıq-aşkar şəkildə baş yazara qarşı qara piar aparır, onun "müxalifətə aid olmadığını" iddia edirlər. Rauf Arifoğlu AXCP-nin qara piar maşının qarşısında tək qalıb. O, özünü təkbaşına müdafiə edir. "Yeni Müsavat"ın son manşet yazısında baş yazar özünü Ukrayna müxalifətinin hədəfində olan Yanukoviçə bənzədib. Bildirib ki, Ukrayna müxalifəti prezidentlə, Azərbaycan müxalifəti isə Rauf Arifoğlu ilə savaşır. Yazısında hücumların təkcə özünə deyil, Arif Hacılı, Pənah Hüseynə qarşı çevrildiyini də iddia edən Arifoğlu onları dolayısı ilə köməyə çağırır, özündən sonra hədəfə məhz bu adamların gələcəyinə işarə edir. Arif Hacılı sürüşkən mövqeli siyasətçi olduğundan Rauf Arifoğlu ilə birgə olmayacaq. Milli Şura yarananda da belə olmuşdu. Arifoğlu Şuraya qoşulmadı, Arif Hacılı qoşuldu. Boykot kampaniyasında Arifoğluna Pənah Hüseynlə Hacı İlqar dəstək verdilər.
Rauf Arifoğlu bütün gücü ilə çalışacaq ki, AXCP ilə savaşına Müsavatı cəlb edə bilsin. Bunu bacarmasa, Müsavatda parçalanma qaçılmaz olacaq.
Ərhun Abbas