“İranla mövqelərin yaxınlaşması mümkündür” - MÜNASİBƏT

Razi Nurullayev: “Tarixən bir dövlətdə yaşamışıq, münasibətlərin soyuq qalması mümkün deyil”

Azərbaycanla İran arasında münasibətlərdə gərginlik davam edir. İki həftə əvvəl sərhəddə baş verən insident gündəmdən düşməmiş sərhəddə ölümlə nəticələnən yeni hadisə baş verib. Baş vermiş hadisələrə münasibətini bildirən "Region" Beynəlxalq Analitik Mərkəzinin rəhbəri Razi Nurulayev bildirib ki, tərəflər arasında baş verən yalnız iqtisadi məsələlərlə bağlı deyil: "Bu tam olaraq siyasi məsələdir. Ruhani hökumətinin Azərbaycanda olan gözləntiləri özünü doğrultmadığından rəsmi Tehran Azərbaycanla hədə dilində danışmağa başlayıb". Politoloq deyir ki, Azərbaycan İsrail ilə yaxınlaşdıqca, İsrail lobbisinin xidmətlərindən istifadə etdikcə, İran dövləti daha da qeyzlənir: "Azərbaycan və İran arasında həmişə görünməyən münaqişə olub. Fikir ayrılıqları neçə illərdir ki, iki dövlət arasında qalmaqdadır. Gərginlik isə son zamanlar artan xətt üzrə inkişaf edir".  Bəs belə bir vəziyyətdə bu gərginlik böyüyüb münaqişəyə çevrilə bilərmi? Razi Nurullayev  bunu qeyri-mümkün hesab edir. Politoloq onu da bildirir ki, fikir ayrılıqları davam edəcək və yaxın illərdə mövqelərin yaxınlaşması və uzlaşması da üfiqlərdə görünməkdədir: "Rəsmi Tehranla Azərbaycanın qlobal dünyaya, Qərbə, İsrailə baxışı və Ermənistana münasibəti fərqlidir. Buna görə də bu iki ölkə arasında zaman-zaman bu cür narazılıqlar ortaya çıxır. İran hər hansı bir xoşagəlməz addım atan zaman, Azərbaycan da ona qarşı analoji addım atır. Yaxud, rəsmi Bakı hər hansı bir xoşagəlməz addım atan zaman cənub qonşumuz buna cavab olaraq daha sərt tədbirlər görür. Son zamanlar yaranan münaqişənin də kökündə bu cür münasibət dayanır". Politoloqun sözlərinə görə, yaxın zamanlarda İranın xarici işlər nazirinin Azərbaycana səfəri reallaşmalıdır və yəqin ki, bu səfər çərçivəsində arada olan narazılıqlar müzakirə olunacaq,  problemlər aradan qaldırılacaq: "İstənilən anda İranla Azərbaycan həm qonşu ölkədir, həm də orada 30 milyondan çox soydaşımız yaşayır. Tarixən bir dövlət ərazisində yaşamışıq. Tarixən bir dövlət olmuşuq. Onun üçün də Azərbaycan və İran arasında bu cür soyuqluğun tam olaraq həmişə davam etməsi mümkün deyil. Küskünlüklər olacaq, amma barış da olacaq. Uzun müddətli münaqişənin olması isə qonşu və iki müsəlman dövlətə yaraşmaz. Xalqların da buna dözüm göstərməsi real görünmür. Sadəcə olaraq, hər iki tərədə bir çox siyasətçilər, din xadimləri, vətəndaş cəmiyyəti təmsilçiləri, hüquq müdafiəçiləri var ki, onlar öz bəyanatları ilə münasibətləri daha da gərginləşdirirlər. İran tərəfi Azərbaycanın Qərb siyasətini, İsraillə dostluq münasibətlərini qəbul edə bilmir. Azərbaycan tərəfi də İranın Azərbaycanın daxili işlərinə müdaxilə etməsini, Azərbaycanın xarici siyasətinə təsir etmək üçün Ermənistanla əməkdaşlıq etməsini həzm edə bilmir". Razi Nurullayev deyir ki, iki ölkə arasında ölümlə nəticələnən hadisələrin baş verməsi çox üzücüdür: "Bu onsuz da gərgin olan münasibətləri daha da qızışdırır və xalqlar arasında nifaq toxumu səpir. Bu gün iki ölkə arasında iqtisadi sahədə çox ciddi layihələr reallaşa bilər. Ciddi iqtisadi əməkdaşlıq hər iki ölkənin iqitsadiyyatına töhfə verə və yeni iş yerlərinin yaradılmasını stimullaşdırar. Ən əsası, bazarlarda ciddi ucuzluq yaradılmasına gətirib çıxarar. Ən doğru yol, gərginliklərdən uzaq olmaq və ən çətin vəziyyətlərdə belə müsbət çalarları görməkdir".

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00