İşğalçı Ermənistan dünyanın qınaq hədəfində
2 Dekabr 2013 15:47 SiyasətAzərbaycanın əsas tərkib hissəsi - Dağlıq Qarabağ və ətraf rayonları müxtəlif yollarla işğal siyasəti Ermənistana baha başa gəlib. Açıq şəkildə etiraf etməsə də Ermənistan hakimiyyəti dolayı yolla ölkə iqtisadiyyatının çöküş sürətinin kosmik həddə çatmasını işğalçılıqla əlaqələndirir. Ərazilərini işğal etdiyinə görə, regionun söz sahibi dövləti Azərbaycanın Ermənistana tətbiq etdiyi embarqo bu gün özünü ən pis şəkildə göstərir. Erməni separatizminin məntiqidir ki, Madaqasqardan sonra dünya ölkələri arasında ən pis iqtisadiyyat Ermənistana məxsusdur. İqtisadiyyatının ümumi qiyməti 10 milyard dollardır. Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatına görə, Ermənistanda yaşayan əhalinin sayı yerli statistik rəqəmlərdə 3.3 milyon nəfər göstərilsə də əslində bu rəqəm 1.5 milyondur. Son 5 il ərzində iqtisadi problemlərə görə, ölkəni 2 milyona yaxın erməni tərk edib. Kənd təsərrüfatı çöküb, heyvandarlıq əhalinin süd və ət məhsullarına olan tələbatının yalnız ⅓ hissəsini ödəyir. Daxili bazar əhalinin müxtəlif məhsullara olan tələbatını ödəmir. "Armenian Times"in yayım rəhbəri Ayk Qevorqiyan bildirir ki, ölkə iqtisadiyyatı hakimiyyətdə olan 40 oliqarxın əlindədir. İstehsalat texnologiyasının keçmiş Sovetlər dönəmindən qalması xarici bazarda özünə yer tutmasına əngəl olur. Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) İrəvan ofisinin keçmiş direktoru Valeriyu Razloq ixracat və idxalatdan əldə edilən gəlirlərin həddindən artıq az olmasına görə bu sahələrin hakim dairənin ələ keçirməsinə səbəb olduğunu deyib. Ölkənin ixracat dövriyyəsi 1, idxal olunan mallara xərclənən rəqəm 5.75 milyard dollardır. Adambaşına düşən gəlir 1500 dollardır. 1 il ərzində adambaşına düşən gəlirlər 8% azalıb. "168 Yam" qəzeti bildirir ki, idxalatın ixracatdan 7 dəfə çox olması iqtisadiyyatın çöküş sürətini getdikcə artırır. 2013-cü ildə Ermənistanın iqtisadi göstəriciləri daha 20% azalıb, il ərində inkişaf yalnız 0.5-1% arasında dəyişib. Ermənistan Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2014-cü il üçün iqtisadi artımı ən yaxşı halda 2%-ə qaldırmaq mümkün olacaq. Ümumidaxili məhsulun həcmi 6.8 milyard dollardır, 2016-cı ildə rəqəmin 8 milyarda qaldırılması gözlənilir. İrəvanla regionları birləşdirən avtomobil yolları Sovet dönəmindən qalıb, asfalt üzlüyü tamamilə dağılıb. Ermənistana investisiya axını demək olar ki yoxdur. İran və Rusiyadan başqa digər dövlətlər olduqca heç bir iqtisadi potensialı olmayan ölkəyə investisiya yatırmağa qorxurlar. Orduda intihar və fərarilik hallarının sayı böhran həddədir. Ordu quruculuğu ilə bağlı dövlət proqramları həyata keçirilmir. 1988-ci ildə Gümrü və Spitakda baş vermiş dağıdıcı zəlzələdən sonra tamamilə dağılmış 40-dan çox fabrik hələ də eyni vəziyyətdə saxlanılır. Xüsusi sektorun iqtisadiyyatdakı payı hiss olunmur. Minimum əməkhaqqı 80-100 dollar arasında dəyişir. Əsasən də paytaxtda pərakəndə və az sayda tikilən yaşayış binaları alınmır. İnşaat sektoru iflic vəziyyətdədir, hökumət boşalmış paytaxt və regionlarda inşaat işi həyata keçirməkdə maraqlı deyil. Ölkənin istilik təchizatının ana kanalı sayılan Razdan İES, 3 Elmi Araşdırma İnstitutu, Zvartnots Beynəlxalq Hava Limanı, İrəvan Konyak Zavodu, "Armentel" Telekomnukasiya Stansiyası, "Metsamor" AES, paytaxtdakı mehmanxanalar, qızıl istehsalı zavodları xarici borc qarşılığında xarici dövlətlərə verilib. "Joxovurd" qəzeti yazır, iqtisadiyyatın 80%-i rusiyalı işadamlarına məxsusdur. Ermənistan Maliyyə Nazirliyinin hesabatına görə, dövlətin 10 milyard dollar xarici, 3 milyard daxili borcu var. Dövlət büdcəsi isə 850 milyard dram (3 milyard dollar) təşkil edir. Ermənistanın BVF, Dünya Bankı, Dünya Beynəlxalq İnkişaf Bankı, AYİB, Beynəlxalq Kənd İnkişaf Fondu, OPEK, Asiya İnkişaf Bankı, Rusiya, ABŞ, Fransa, digər beynəlxalq təşkilat və dövlətlərə borcu var. Baş nazir Tiqran Sərkisyan yaxın gələcəkdə xarici borcun bir qədər də artacağını bildirib. Dünya Bankının hesabatına görə, Ermənistanda orta sinif yoxdur, hakimiyyət və aşağı təbəqə var. Əhalinin 20%-i gəlirinin 80%-ni əlində saxlaya bilir. 80% gəlirin isə 15-17% nəqliyyat xərclərinə istifadə edilir. İşsizlik 43%-dir. Ermənistan il ərzində ən yaxşı halda 250 min turist qəbul edə bilir. "Forbes" jurnalının analitiki Daniel Fişer Ermənistanın dövlət kimi yaxın gələcəkdə çökmə ehtimalının yüksək olduğunu deyib. Ermənistanın düşdüyü çıxılmaz dalanın fonunda Azərbaycanın kosmik iqtisadi inkişaf dinamikası güc potensialını və münaqişənin həlli istiqamətində aparılan danışıqları avtomatik olaraq, ikincinin lehinə dəyişir. Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qiraqosiyan "Aykakan Jamanak" qəzetinə verdiyi müsahibədə bildirib ki, Ermənistanı qurtarmağın tək yolu Dağlıq Qarabağ münaqişəsindəki mövcud-status-kvonun dəyişdirilməsi, Azərbaycan investisiyasının ölkəyə axınından keçir. Amerika Erməniləri Milli Komitəsi (ANCA) də Azərbaycanın sərhədlərini Ermənistanın üzünə bağlamasını hər il ölkəyə milyardlarla dollar məbləğində ziyan vurduğunu deyib: "Sərhədlərin açılmasından sonra adambaşına düşən milli gəlirlərdə 40-45%-lik inkişaf olacağı təqdirdə, nəqliyyat xərcləri 6%, energetika məhsullarının qiyməti bir neçə dəfə azalacaq". Artıq Ermənistan hakimiyyəti də Azərbaycanın region və dünyanın aparıcı dövlətinə çevrildiyini görərək işğalçılıq siyasətini pisləməyə başlayıb. Ukraynanın "Seqodnya" qəzetinə verdiyi müsahibədə baş nazir Tiqran Sərkisyan xilası üçün Ermənistanın Azərbaycana ehtiyacının olduğunu bildirdi. T.Sərkisyan dolayı yollarla Dağlıq Qarabağ münaqişəsinin həllində xarici ölkə və beynəlxalq təşkilatların Azərbaycanın ədalətli mövqeyindən çıxış etdiklərini vurğuladı. Məsələn, 2013-cü ilin oktyabrın 23-də Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq Siyasəti üzrə qətnamə layihəsi təsdiqləndi. Qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aşağıdakı düzəliş qəbul edildi: "Şərq tərəfdaşlığına üzv olan bir ölkənin ərazisinin başqa üzv ölkə tərəfindən işğal edilməsi "Şərq tərəfdaşlığı" Proqramının fundamental prinsiplərini və məqsədlərini pozur. Dağlıq Qarabağ münaqişəsinin həlli 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrinə, ATƏT-in Minsk qrupunun təməl prinsiplərinə və 2009-cu il 10 iyul tarixli Akvil birgə bəyanatına uyğun olmalıdır". Beləliklə, ilk dəfə olaraq AP-ın qəbul etdiyi qətnamədə Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlaması faktı təsdiqləndi. Həmçinin Ermənistanın düşmənçilik aktlarının dərhal dayandırılması, işğalçı qoşunların Azərbaycanın işğal edilmiş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılması tələb edilir, qaçqın və köçkünlərin geri dönmələrini təmin etməklə, regionda iqtisadi, nəqliyyat və enerji əlaqələrinin bərpasına çağrılır. Ümumiyyətlə, münaqişənin həlli üçün hüquqi və siyasi addımlar beynəlxalq hüququn norma və prinsipləri BMT TŞ-ın qəbul etdiyi 4 qətnamə, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, NATO və Qoşulmama Hərəkatının sonrakı illərdə qəbul etdiyi oxşar sənədlərə əsaslanır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində dövlətin aktiv fəaliyyəti həyata keçirilir. XX əsrdə ermənilərin azərbaycanlılara qarşı apardıqları soyqırım siyasətinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə Heydər Əliyev Fondunun başlatdığı "Xocalıya Ədalət Kampaniyası" ölkəmizin xaricdəki diplomatik missiyaları tərəfindən fəal surətdə həyata keçirilir. Nəticədə dünyanın 9 ölkəsi Xocalı Soyqırımını tanıyıb, ABŞ-ın 14 ştatı isə hüquqi qiymət verib. Məsələ ilə əlaqədar qəbul edilən qətnamələrdə Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi, hərbi münaqişə vaxtı və ondan sonra Azərbaycan əhalisinin hüquqlarının kobud şəkildə pozulması, xüsusən də 1992-ci ildə azərbaycanlılara qarşı Xocalıda Ermənistan tərəfindən törədilmiş soyqırım qətiyyətlə pislənilir. Serbiyanın da 2015-ci ildə Xocalı Soyqırımını tanıyacağı gözlənilir. Həmçinin Fransanın "Eveneman", "Valer Aktuel" jurnalları, İngiltərənin "Sandi Tayms", "Faynenşl Tayms", "Tayms" qəzetləri, Rusiyanın "İzvestiya", Fransanın "Le Mond" qəzetləri, həmçinin Böyük Britaniyanın "Fant men nyus" teleşirkəti, ABŞ-ın "Stadford" jurnalı, Livan, Səudiyyə Ərəbistanı, Pakistan, Çexiya, Serbiya, Gürcüstan, Ukrayna, Moldova, İordaniya, İsrail, Yaponiya, İspaniya, Türkiyə, hətta erməni mediasında ayrı-ayrı vaxtlarda Ermənistanın işğalçılıq siyasətini qətiyyətlə pisləyən silsilə məlumatlar verilib. Səudiyyə Ərəbistanı və Pakistan isə ümumiyyətlə Ermənistanı müstəqil dövlət kimi tanımayaraq, Azərbaycan ərazilərini işğal etdiyi üçün heç bir əlaqə saxlamırlar. Türkiyə isə 20 ildən çoxdur ki, sərhədlərini bu ölkəyə bağlı elan edərək, diplomatik əlaqələrə sanksiya tətbiq edib. İşğal edilmiş ərazilərdə yaradılan qondarma "Dağlıq Qarabağ Respublikası"nın nəinki digər dövlətlər, hətta Ermənistan parlamenti tərəfindən tanınmaması dünya ictimaiyyəti qarşısında Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsidir. Ermənistanın dünyanın qınaq hədəfinə çevrilməsi və Azərbaycanın ədaləti mövqeyinin dəstəklənməsi üçün əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasət kursu Azərbaycan prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hökumətin keçən 10 ildə Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə möhkəmləndirilməsi, bütün məsələlərdə müsbət nəticələrin əldə edilməsi istiqamətində səmərəli fəaliyyəti olub. Azərbaycanın xarici siyasət konsepsiyası ikitərəfli və çoxtərəfli əlaqələrin gücləndirilməsi, beynəlxalq təhlükəsizliyin təmin edilməsi, enerji layihələrinin və humanitar proqramların həyata keçirilməsinə yönəldilib. Aparılan fəal xarici siyasətin nəticəsi olaraq Azərbaycanın dünya dövlətlərilə əlaqələri genişlənib. Artıq Azərbaycanın xarici ölkələrdə və beynəlxalq təşkilatlar yanında 80-dən artıq diplomatik nümayəndəliyi uğurlu fəaliyyət göstərir. Regionun aparıcı dövləti Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir. 2011-ci ilin oktyabrında BMT-də təmsil olunan 193 dövlətdən 155-nin dəstəyini alaraq Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ölkəmizin apardığı xarici siyasətin mühüm nailiyyətlərindəndir. Azərbaycanın dünya və regionda həyata keçirdiyi beynəlxalq enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizi dünya dövlətlərinin etibarlı tərəfdaşına çevirib. Düşünülmüş iqtisadi siyasət və inkişaf nəticəsində hazırda Azərbaycan donor ölkəsinə çevrilib. Cari ilin iyulunda Azərbaycan hökumətinin dəstəyilə Bakıda "Fəlsətinin Qüds şəhərinin bərpası" məqsədilə keçirilmiş beynəlxalq donor konfransı ölkəmizin artan donur fəaliyyətinin nümunəsidir. Azərbaycanın sürətlə dünyadakı mövqeyini möhkəmləndirməsi Ermənistan rəhbərliyini narahat edir. Ölkəmizin yerləşdiyi strateji mövqeyi, nəhəng iqtisadi potensialı, xarici ölkələrlə hərtərəfli əlaqələrin inkişafına yönəlmiş uğurlu siyasət konsepsiyası hegemon güclərin geosiyasi planlarında Azərbaycanı hesablaşılan dövlət statusuna qaldırıb. Qeyd edilən amillər isə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqeyini təmin etməklə yanaşı Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyəti tərəfindən qınaq hədəfinə çevirməsinə məcbur edir. Ermənistan hakimiyyətinin Azərbaycanla təhdid dilində danışa bilməməsinin səbəbi də yuxarıda qeyd edilən məntiqə əsaslanır. Azərbaycan hökumətinin əsas məqsədi işğal olunmuş ərazilərin azad edilməsi, məcburi köçkünlərin öz evlərinə qayıtması və Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, eləcə də bütün Cənubi Qafqaz regionunda sabitlik və davamlı sülhün bərqərar olmasına nail olmaqdır. Nizamlama prosesinin əsas məqsədi Dağlıq Qarabağın Azərbaycan daxilində statusunu işləyib-hazırlamaq, model və hüquqi çərçivəsini müəyyən etməkdir. Hər hansı statusun müəyyən edilməsi prosesi bölgənin bütün əhalisinin, o cümlədən, erməni və azərbaycanlı icmalarının birbaşa, tam və bərabər iştirakı ilə normal sülh və onların Azərbaycan hökuməti ilə hüquqi və demokratik proseslər çərçivəsində konstruktiv qarşılıqlı əlaqəsi şəraitində baş tutmalıdır. Çox güman ki, Ermənistan Azərbaycanın yuxarıda qeyd edilən amilləri nəzərə alaraq bu dövlətlə hesablaşmanın labüd olduğunu başa düşəcək. Çünki, Ermənistanın hegemoniya siyasətinin qabaqdakı adlarının hesablaşdığı Azərbaycanın ədalətli mövqeyinin qarşısına gətirəcəyi heç bir arqument yoxdur.
Mənsur Rəğbətoğlu
Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkil etdiyi müsabiqəyə təqdim etmək üçün