Moldova və Gürcüstan Kremlin “qara siyahısı”nda, Azərbaycan rahatdır
Cenevrədə İrana verilən vaxtın, NATO qoşunlarının Əfqanıstandan çıxarılması, Soçidə keçiriləcək qış olimpiya oyunlarının 2014-cü ildə başa çatması Qərb dairələrinin Rusiya üçün hazırlanmış gizli planın icrasına atılmış ayaq səsləridir
2 Dekabr 2013 15:24 SiyasətLitvanın paytaxtı Vilnüsdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramına dair keçirilən sammiti maraqlı məqamlarla yadda qaldı. Gürcüstan və Moldova təşkilata lazım olan sənədə imza atsa da Ukrayna və Ermənistan birmənalı şəkildə Avropaya inteqrasiyadan əl çəkdi. Azərbaycan isə Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi məsələsində razılaşma əldə etdi. Plenar iclasında təşkilatçılar maraqlı gediş etdilər. Belə ki, Avropa İttifaqı ilə müqaviləni imzalamaqdan imtina edən dövlətlərin - Ermənistan və Ukrayna prezidentləri "arzuolunmaz şəxslər" statusunda arxa oturacaqlarda əyləşdirildilər. Gürcüstan, Azərbaycan və Moldovaya isə münasibət daha isti və səmimi idi.
Ukrayna Kremlin iştahasını şişirdi
Sammitin ən maraqlı hissəsi Avropa liderlərinin Ukrayna prezidenti Viktor Yanukoviçi assosiativ üzvlüklə bağlı sazişi imzalamağa razı sala bilməmələridir. Yanukoviç üçtərəfli danışıqların (Avropa Birliyi, Rusiya və Ukrayna) aparılmasını təklif etsə də Aİ prezidentin təkliflərini rədd etdi. İnternetdə isə Yanukoviçin Vilnüsdə dövlət və hökumət başçılarının naharından əvvəl Litva prezidenti və Almaniya kansleri Angela Merkel ilə ayaqüstü söhbətinin videosu yayıldı. Videoda xanım siyasətçilərin Yanukoviçi assosiasiya sazişini imzalamaq üçün dilə tutduğu görünür. V.Yanukoviç Merkel və Dalya Qribauskayteyə Ukraynanın iqtisadi durumunun ağırlığından danışır: "Mən istəyirəm ki, siz məni başa düşəsiniz. Mən 3.5 ildir təkəm. Çox güclü Rusiya ilə qeyri-bərabər şəraitdə tək qalmışam". Söhbətdə Yanukoviçin toxunduğu iki əsas məsələ vardı. Birincisi, Kiyev assosiativ sazişdən imtina etməklə Qərbin Ukraynanı Rusiya qarşısında tək qoyduğuna görə, qisas aldı. İkincisi isə Ukraynanın imtina etməsində Kremlin açıq-aşkar bu ölkəyə siyasi və iqtisadi təzyiq rıçaqları bəlli oldu. Ukraynanın Avropa İttifaqı və NATO-dan imtina etməsi Rusiyanın Qərb və ABŞ qarşısında qələbəsi sayılmalıdır. Ukrayna faktoru Rusiyanın geosiyasi arenadakı siyasi ambisiyasını bir qədər də artıracaq. Sammitin başa çatmasından bir gün sonra Rusiya prezidenti Vladimir Putinin Müdafiə Nazirliyinin rəsmilərilə görüşü Kremlin iştahasının şişdiyinə dəlalət edirdi. Putin nazir Sergey Şoyquya yeni tapşırıqlar verdi. Tapşırığa əsasən Rusiyanın raketdən müdafiə sistemləri daha da gücləndirilməli və müdafiə xərcləri bir neçə dəfə qaldırılmalıdır. Digər tərəfdən Vilnüs sammiti başa çatmamış Tatarıstanın paytaxtı Kazanda keçirilmiş "Avrasiyanın İqtisadi Perspektivləri" adlı beynəlxalq konfransı da eyni qəbildəndir. Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin bildirdi ki, Avrasiya İqtisadi İttifaqına dair ölkələrlə razılaşmalar 2014-cü ildə imzalanıb təsdiqlənəcək. Narışkin qeyd etdi ki, 2014-cü il ölkələrin AİT-ə inteqrasiyası üçün həlledici il olacaq və Avrasiya İqtisadi Təşkilatı 2015-ci ilin yanvarın 1-dən etibarən bütün gücü ilə fəaliyyətə başlayacaq. Məntiq belədir ki, ABŞ və Qərbin siyasi taktikaya yerdəyişməsindən istifadə edən Kreml güc balansını öz xeyrinə dəyişmək niyyəti güdür. Moskva 2015-ci ilə keçmiş post-seovet ölkələrilə 1991-ci ildə qaldığı yerdən davam etmək niyyətindədir.
Vilnüs - Gürcüstan və Moldova üçün bahalı baş geyimi
Rusiya mətbuatı sammitdə Moldova və Gürcüstanın da assosiativ sazişə imza atmasına münasibət bildirdi. Kremlə yaxın mətbu orqanlar Kişinyov və Tiflisin əslində təhlükəli işə qol qoyduqlarını iddia etdilər. Gürcüstan və Moldovanın Rusiyadan ərazi asılığını nəzərə alsaq, hər iki dövlət Rusiyanın yeni təzyiq metodları ilə üzləşəcəyi inandırıcıdır. Əgər növbəti mərhələdə Qərb və ABŞ Gürcüstanla Moldovanı Ukrayna kimi Rusiya ilə qarşı-qarşıya qoymasa, vəziyyət heç də bu dövlətlər üçün ürəkaçan olmayacaq. Çünki, Osetiya, Abxaziya və Dnestryanı ərazilərdə rus xüsusi xidmət orqanlarının gedəcəyi oyun Gürcüstan və Moldovanı təxribata çəkə bilər ki, bu da poliqonda ABŞ və Qərb tərəfindən tək qoyulmuş ökələr üçün yaxşı nəticələr verməyəcək. Bir tərəfdən də Avropa İttifaqı ilə razılaşma əldə edən Gürcüstan və Moldova üçün NATO qapıları açılacaq. Bu isə Rusiyanın maraqlarına uyğun olmadığı üçün həmin ölkələrə yönəlik təzyiqlərini bir qədər də artıracaq.
Tərəflər Azərbaycanla isti davranmağa məcburdurlar
Vilnüs sammitində diqqətçəkan digər məqam Azərbaycanın Avropa İttifaqı ilə viza rejimin sadələşdirilməsi istiqamətində əldə etdiyi razılaşmadır. Litvada sammit başa çatmamış artıq ABŞ-da Amerika Erməniləri Milli Assambleyası Dağlıq Qarabağ və Göyçəni birləşdirən yolun təmir edilməsi üçün 22 milyon dollar ianə topladı. Rusiyadan həmin məqsəd üçün AEMA-ya 12 milyon dollar maddi vəsait göndərildi. Dəqiqdir ki, Kremldən verilən tapşırıq üzərindən 12 milyon yardım hakimiyyət dairələri tərəfindən məqsədli şəkildə təşkil edilib. Qeyd edilən amil Rusiyanın Azərbaycana yönəlik xəbərdarlığıdır. Putinin Ermənistana səfəri Azərbaycanla yanaşı Gürcüstana mesajdır. Azərbaycanın Avropaya inteqrasiya siyasətinə üstünlük verdiyi görən Kreml dərhal Dağlıq Qarabağ faktorundan ölkəmizə qarşı təsir rıçağı kimi istifadə etməyə başlayıb. Lakin Azərbaycan Moldova və Gürcüstan kimi "Şərq Tərəfdaşlığı" proqramına dair assosasiya sazişinə tamamilə imza atmaması Rusiyanı bir o qədər də narazı salmadı. Çünki Azərbaycanın təkcə viza məsələsinə üstünlük verməsi tərəfləri bu ölkə ilə isti münasibətlər saxlamasına imkan yaradacaq. Azərbaycanın liderliyilə Qafqazı Avropa ilə birləşdirəcək TAP ("Trans Adriatic Pipeline") və digər beynəlxalq əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi tərəfləri onun daha ehtiyatlı davranmağa məcbur edir. Milyardlarla dollar dəyərində ölçülən TAP layihəsi Avropanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı Rusiyanın iqtisadi maraqlarını təmin edir.
Nəticə: - 2014-cü il Rusiyaya fəlakət gətirəcək
Ən maraqlısı isə Qərb blokunun Rusiyanın regionda geniş əl-qol açmasına şəraitin yaratmasıdır. Dəqiq bəlli olmasa da bu, Rusiyanın vurulması üçün hazırlanmış gizli plana xidmət edir. ABŞ və İranın Cenevrədə nüvə proqramına dair əldə etdiyi razılaşma da eyni qəbildəndir. Cenevrə razılaşması Kremlin İrandakı nüvə planına zərbə vuracaq. Çünki İranın əhəmiyyətli Fordo, Buşehr və digər nüvə stansiyalarının təsisçisi Rusiyadır. Qərb və ABŞ Moskvanın İslam Respublikasındakı nüvə planını pozaraq digər tərəfdən 6 ayadək İranı nüvə silahı əldə etmək istəyindən məhrum edəcək. Həmin müddətdən sonra qərbli müttəfiqlər Rusiyaya qarşı hərəkətə keçə bilərlər. Bunun hansı istiqamətdə olması bəlli olmasa da MOSSAD, Brüssel və Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) Rusiyaya qarşı yönəldəcəyi təsir metodologiyası miqrant və etnik kartları ola bilər. Çünki, Kreml qeyri-millətlərin miqrant və yerli vətəndaş olmasından asılı olmayaraq etniklərə eyni aqressiv münasibət oyunu sərgiləyir. Faktor Qərb blokunun Rusiyaya hücumu üçün əsas silah sayılır. Hərbi texnologiyasının kifayət qədər modern olmasına baxmayaraq, daxildəki ağır iqtisadi və sosial böhran da Rusiyaya çətinlik yaşadacaq. 6 aydan sonra Rusiya əhatəli inqilablar meydanına çevrilə bilər. Bir sözlə, ABŞ və Qərbin Rusiyanın qarşısını almaq üçün iqtisadi və daxildəki miqrant-etnik xaosu Putinin devrilməsinə əlavə stimul verəcək. Söz yox ki, Rusiyanın Şərqi Avropa və Cənubi Asiyadan uzaqlaşdırılması üçün 2014-cü ildə NATO qüvvələrinin Əfqanıstandan çıxarılması da mühüm rol oynayacaq. Orta Asiya dövlətləri ilə qonşuluqda yerləşən Əfqanıstanda "əl-Qaidə" və "Taliban"ın aktiv fəaliyyətə keçməsi Rusiyanın Orta Asiyadakı mövqelərini zərbə altında saxlayacaq. Kreml diqqətini Asiyayanın mərkəzindəki geosiyasi maraqlarının qorunmasına yönələcək ki, Cənubi Qafqaz və Şərqi Avropada yaranmış boşluqdan istifadə edən Qərb bloku bölgələrdə möhkəmlənmək üçün tarixi şans əldə edəcək. Cenevrədə İrana verilən vaxtın, NATO qoşunlarının Əfqanıstandan çıxarılması, Soçidə keçiriləcək qış olimpiya oyunlarının 2014-cü ildə başa çatması hər Qərb dairələrinin Rusiya üçün hazırladıqları gizli planın icrasına atılmış ayaq səsləridir.
Mənsur Rəğbətoğlu