Ukraynanın gələcəyini nə gözləyir? - FİKİR
Zahid Oruc: “Ukraynada təkcə Qərblə yeni postsovet ölkəsi uğrunda döyüş getmir”
2 Dekabr 2013 15:23 SiyasətSon günlər Ukraynada baş verən proseslər yenidən regionun və dünyanın diqqətini bu ölkəyə çevirib. Vilnüs sammiti ərəfəsindən başlayan və getdikcə daha dramatik xarakter daşıyan hadisələrin nəticəsinin necə olacağı indi təkcə ukraynalılar deyil, bütün Avropanı, eyni zamanda Kreml rəsmilərini ciddi düşündürür. Çünki Ukraynada baş verənlər bilavasitə Avropa və Rusiya arasında seçim etmə çətinliyindən irəli gəlib. Bir qədər də dəqiqləşdirsək prezident Viktor Yanukoviçin Avropadan daha çox Rusiyaya istiqamət götürməsi Ukraynadakı qərbpərəstləri ayağa qaldırıb. Hadisələrin yüksələn xətlə inkişafı və aksiya iştirakçılarının sayının hər ötən gün artması Ukraynada yeni bir inqilabın baş verəcəyini qaçılmaz edir. Bu inqilabın hansı rəngdə olacağını isə indidən söyləmək çətindir. Siyasi şərhçilər də hesab edirlər ki, Ukrayna növbəti təlatüm ərəfəsindədir. O da iddia olunur ki, birmənalı olaraq Avropaya istiqamət götürən və bu regionun yeni qonşularından sayılan Gürcüstandan da bu təlatümlər yan keçməyəcək. Kremlin rəsmi Tbilisidən qisas alması üçün 2008-ci ilin avqust hadisələrinə bənzər olaylar yaradacağı istisna edilmir. Bildirilir ki, Rusiyanın Gürcüstan planı yaxın vaxtlarda işə düşə bilər.
Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komitəsinin üzvü, millət vəkili Zahid Oruc Vilnüs sammiti, ondan əvvəl və sonrakı dönəmdə Ukraynada baş verən proseslərlə bağlı mövqeyini açıqlayıb, hadisələrin hansı məcrada cərəyan edəcəyini proqnozlaşdırıb: "Sammit başa çatdı. Nəzəriyyəçilər iddia edəcəklər ki, Qərb hamının Ukrayna ilə başını qatıb, Moldova və Gürcüstanı yanına aldı. Bununla da tamaşa bitdi. Kütlələri isə həmişə əyləndirmək üçün yeni oyunlara ehtiyac olacaq. Ona görə gözünüz aydın olsun, qonşunuz artıq avropalı gürcülərdir. Gəlin görək birliyin gücü nə qədər artdı və qüvvələr nisbəti dəyişdimi?". Millət vəkili bildirib ki, əslində hər kəsə Avropanın kiminlə "qonşu" olmaq istəyi bəlli idi: "Çünki 6 dövləti Qərbin siyasi layihəsinə qoşmaq əvvəlcədən riskliydi. Artıq bunun ağır nəticələri də var. Gürcüstanın ərazi bütövlüyünə dair indi həmrəylik qətnamələri qəbul edən Birlik 2008-ci ildə "qonşu"sunun harayına gəlmədi. Yaxud rus tanklarına qarşı yalnız bəyanatla silahlandı. Növbəti faciə narıncı inqilabın digər ölkəsi ola bilərdi.". Millət vəkilinin sözlərinə görə, hamı fərqindədir ki, Avropanın mərkəzində milyonlara sahib olan rus oliqarxiyası belə milli dövlətinin üzərinə gələn dünyanı görüb Putinin tərəfinə keçir: "Bir növ rus xalqını ukraynalılarla bir az da qorxudurlar. Revanş özünü çox gözlətməyəcək. Kliçkonun dediyi kimi Yanukoviç muşketyorluğu hesabına ruslardan xeyli maliyyə və siyasi güzəştlər qopardı. Ancaq Kreml heç nəyi əvəzsiz və birdəfəlik vermir. Çünki Ukraynanın qiyməti çox böyükdür. İndi küçədə öz prezidentini gözləyən xalqı sakitləşdirmək üçün "kökə və qamçı" gərəkdir". Zahid Oruc deyir ki, Viktor Yanukoviçin köhnə bir sovet ölkəsini Avropaya qovuşdurmaq yolunda əl atdığı vasitələr çoxsevgili muşketyorlardan və əkscinsə mənsub olan sələflərindən heç nə ilə fərlənmir: "Ukraynanın strateji seçimi təkcə coğrafiyasının girovlugunda deyil. Yəni, hətta ən qatı antirus, yaxud Qərbpərəstin belə şəxsi şücaəti ilə ölkənin unitarlığını qoruyub saxlamaq olar. Hətta çox mümkündür ki, bu "Qordi düyünü"nü kəsmək üçün qılıncdan da iti iqtisadi və ticari maraqları işə salıb mənafelər üzərində monolitliyini təmin edəsən. Lakin Avropa nəhayət anlamadılır ki, Yanukoviç Vilnüsdə şərti üzvlük sənədini imzalasaydı, onun ölkəsini daha amansız sarsıntılar və çaxnaşmalar gözləyirdi". Millət vəkili hesab edir ki, ilk növbədə Rusiya Ukraynanı cəzalandıra bilər və ciddi təsir vasitələrini işə sala bilərdi: "Putin masa üzərinə təkcə milyardlarla dollarlıq dövriyyəni, yaxud Krımı qoymamışdı. Viktor Yanukoviç gözəl bilir ki, rus xalqının ruhi dünyasında nələr dolaşır. Ukraynaya tarixinin bir hissəsi kimi baxan və əski Kiyev Rus dövlətinin xiffəti ilə yaşayan bir millətin lideri necə hərəkət etməlidir?. Çünki Ukraynada təkcə Qərblə yeni postsovet ölkəsi uğrunda döyüş getmir. Üstəlik, hər bir rusun namusu və qeyrəti həll olunur. Rusiya və Ukrayna birləşib vahid dövlətə çevrilməlidir. Onlar ayrılıqda yaşaya bilməz. İmperiya qurmuş bir millətin gələcəyə baxışı yalnız bu matritsa üzərindədir. Ona görə döyüş hələ qabaqdadır. Vilnüsdə imzalanan sənədləri Kremldə tanımaq gərək olacaqdır. Tarix elə müqavilələri çox görüb. Onları qiymətli edən bahalı qələmlər və titullu binalar deyil. Sonuncu qanlı möhür qurğusu Rusiyanın əlindədir".
Süleyman İsmayılbəyli