“İndiki Müsavat Rəsulzadənin yox, İsa Qəmbərin partiyasıdır”

KXCP sədrinin müavini: “Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi tarixə olan hörmətdir”

Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illiyik yubileyinin dövlət səviyyəsində keçirilməsi barədə prezident İlham Əliyevin verdiyi fərman müxalifət tərəfindən müsbət qarşılanıb. Müxalifət partiyalarının keçiriləcək tədbirdə iştirak edib-etməyəcəyinə hələ qərar verilməyib. Məsələnin müzakirə olunduğu vaxt isə, Müsavat Partiyası müxalifətdə olan siyasi qurumlardan yalnız onun M.Ə.Rəsulzadənin partiyası olduğunu iddia edib. Müxalifətdə təmsil olunan partiya rəsmiləri isə Müsavatın bu iddialarını birmənalı şəkildə qəbul etmirlər

                                                       *****

Elçin Mirzəbəyli (BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini): "İndiki Müsavat Məhəmməd Əmin Rəsulzadənin yox, İsa Qəmbərin partiyasıdır. Bu siyasi qurum M.Ə.Rəsulzadənin mənəvi varisi ola bilməz. AXC dövrünün Müsavatı ilə İsa Qəmbərin partiyası arasında kifayət qədər fərqlər var. Yürüdülən siyasət, dünyagörüşü, həm də Azərbaycan xalqının dəyərlərinə sədaqət baxımından təzadlar hiss olunur. Müsavat Partiyasının bu iddiaları cəfəngiyyatdır. İddialar M.Ə.Rəsulzadəyə daha məhdud prizmadan yanaşılmasına zəmin yaradır. Aparılan araşdırmalardan sonra M.Ə.Rəsulzadə İsa Qəmbərin Müsavatının girovluğundan azad olub. Şirməmməd müəllimin apardığı araşdırmalar bu baxımdan xüsusi əhəmiyyətlidir. Belə iddialar Azərbaycan tarixinə xələl gətirir. M.Ə.Rəsulzadə və Azərbaycan Xalq Cumhuriyyətinin qurulması üçün fədakarlıq göstərmiş bütün tarixi şəxsiyyətlər Azərbaycan xalqı və bütün türk dünyasına məxsusdur. Onları öz çərçivəsinə sığışdırmağa çalışan insanlar cılızıdırlar. Cənab prezident İlham Əliyev xalqın qəlbində yaşayan bu insanın 130 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul edib. İnanıram ki, tədbir ən yüksək şəkildə keçiriləcək".

Hafiz Hacıyev (Müasir Müsavat Partiyasının sədri): "Müsavat partiyasının özünü M.Ə.Rəsulzadənin adına çıxamasına haqqı yoxdur. Rəsulzadənin partiyasından fərqli olaraq İsa Qəmbərin təşkilatı tamam başqa işlə məşğuldur. M.Ə.Rəsulzadə heç vaxt ayrı-ayrı qurumlara işləyən insanları öz partiyasına yığmayıb. İsa Qəmbər, Arif Hacılı sadəcə olaraq M.Ə.Rəsulzadənin monopliyaya almağa çalışır. Bu günki Müsavat partiyasında kifayət qədər siyasi alverçilər toplaşıb. Rəsulzadə ideologiyasına sadiq qalan yeganə qurum Müasir Müsavat Partiyasıdır. İsa Qəmbərin partiyasından fərqli olaraq, MMP-də Azərbaycanı sevən ziyalılar cəm olub. Rəsulzadənin əsas ideologiyası Vətənini sevmək və dövlətin müstəqlliyini qoruyub saxlamaq idi. Lakin Müsavat Partiyası bütün bu prinsiplərin hamısını çeynəyir. Rəhmətlik heç vaxt istəməzdi ki, İsa Qəmbər kimi siyasətdən başı çıxmayan adam gəlib onun adını özünə çıxsın. M.Ə.Rəsulzadəni yaşadan əsas qüvvə mövcud hakimiyyətdir. Onun 130 illik yubileyi ilə əlaqədar cənab prezident

İlham Əliyevin sərəncamı xüsusi təqdir olunmalıdır bəyənilir. Bu bir daha dövlətin öz tarixinə olan hörmətinin bariz nümunələrindən biridir".

Nurəddin Məmmədli (AXCP sədrinin müavini): "AXCP özünü Məhəmməd Əmin Rəsulzadənin mənəvi varislərindən biri hesab edir. O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin tanınmasına və yaranmasına xidmət etmiş şəxsiyyətdir. Rəsulzadə demokratiya ideologiyasının yaradıcılarından biridir. AXC-nin müstəqilliyini itirdikdən sonra apardığı mübarizə ilə Azərbaycanın siyasi-ideoloji sisteminə töhfələr verib. Son nəfəsinə qədər Azərbaycanın müstəqilliyi üçün mübarizə aparıb, türkçülük ənənələrinə sadiq qalıb. Bu gün də heç kəs belə bir şəxsiyyəti unutmur. Müsavat Partiyasının iddiasına gəlincə, bu məsələyə münasibət bildirməyi məqbul hesab etmirəm".

Xəzər Teyyublu (KXCP sədrinin müavini): "M.Ə.Rəsulzadə 1918-ci ildə AXC-nı qurarkən və 1920-ci ildə Cumhuriyyət Qızıl Ordu tərəfindən işğal edilərkən parlamentdə öz ulu çıxışını etdi: "O bayraq enmir, o bayraq Azərbaycan gəncinin qəlbinə sancılır. Vaxt gələcək, o Azərbaycan gənci onu ürəyindən çıxardaraq, yenidən başı üzərinə qaldıracaq. Çünki bir kərə yüksələn bayaraq bir daha enməz". Rəsulzadə onu da bildirdi ki, vaxt gələcək müsavatçılıq, yəni bərabərlik prinsipi hakim olacaq. Partiyanın adının nə olmasından asılı olmayaraq onun tutduğu mövqe müsavatçılıq olsun. Hər halda bu gün onun 130 illik yubileyinin keçirilməsi tarixə olan hörmətdir".

Mənsur Rəğbətoğlu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00