Milli Şura parçalana bilər - SİYASİ ŞƏRH

Müsavat Cəmil Həsənlinin sədrliyini də istəmir

Milli Şura ətrafında mübahisələr davam edir. Yaxın günlərdə qurumun sessiyası keçiriləcək. Sessiyada son günlər səslənən təkliflərə münasibət bildirləcək, təşkilati məsələlərə baxılacaq. Qeyd edək ki, Şuranın sədri Rüstəm İbrahimbəyov tutduğu postdan istefa verib. O, öz yerinə Cəmil Həsənlinin sədr olmasını təklif edib. Böyük ehtimalla, Cəmil Həsənli MŞ-ın sədri seçiləcək. Rüstəm İbrahimbəyovun MŞ sədrliyindən uzaqlaşması Müsavat Partiyasının ürəyincədir. Partiyanın rəhbərliyinə daxil olan şəxslər dəfələrlə Rüstəm İbrahimbəyovu hədəfə alıblar, ona psixoloji təzyiq edərək siyasətdən getməsini təklif ediblər. İsa Qəmbər dolayısı ilə, Arfi Hacılı, Arzu Səmədbəyli, Rauf Arfioğlu açıq-aşkar bəyan ediblər ki, İbrahimbəyov etimadı doğrultmadı və getməlidir. İbrahimbəyovun istefasına münasibət bildirən Rauf Arifoğlu onu təqdir edib. Qeyd edib ki, bu addım onun son zamanlarda atdığı ən düzgün addım kimi qiymətləndirilməlidir. İbrahimbəyovun istefasını ilk mərhələ sayan Müsavat Partiyası qələbəsini bayram etməyə macal tapmamış yeni qanqaraçılıq yaranıb. Məsələ burasındadır ki, İbrahimbəyovun yerinə seçiləcək adam da Müsavatın marağına uyğun deyil. İbrahimbəyov Eldar Namazovun təsirində idisə, Cəmil Həsənli AXCP-nin təsirindədir. Müsavat üçün Milli Şuranın rəhbərliyində Cəmil Həsənli ilə İbrahimbəyovun olmasının elə bir fərqi yoxdur. Hər iki halda Müsavat kənarda qalır, aparıcı yox, yardımçı təşkilat rolunu oynayır. Əslində Müsavat Cəmil Həsənlinin də Milli Şuranın sədri olmasını istəmirdi. Bir müddət öncə Müsavat rəhbərlərindən birinin  "Milli Şura rəhbərliyində təkcə ziyalılar olmamalıdır" fikri elə bu məqsədlə deyilmişdi. Müsavat İbrahimbəyovun getməsini təkidlə istəyirmişlər. Rauf Arifoğlu açıqlamasında bildirib ki, İbrahimbəyov həmsədrlik məsələsində israr  etsəymiş, Müsavat qurumu tərk edəcəkmiş.  Müşahidələr göstərir ki, Müsavat Partiyası Cəmil Həsənlinin də sədrliyini istəmir. Müsavat rəhbərliyinə daxil olan şəxslərin Şura haqqında ironiyalı danışıqları vəziyyətin ciddiliyindən xəbər verir. Son açıqlamasında Rauf Arifoğlu elə belə də deyib: "Milli Şura dağılacaq, cəhənnəmə dağılsın". Bu, artıq Müsavatın Milli Şuraya yanaşmasının göstəricisi sayıla bilər. Rauf Arifoğlu qəzet baş redaktorudur. Bəlkə də siyasi proseslərdən iyrənərək bu sözləri deyib. Ancaq onun bu sözlərindən AXCP-çi fəallar maksimum istifadə edəcəklər. Artıq sosial şəbəkələrdə cəbhəçi gənclərin Rauf Arifoğluna qarşı qara piarı başlanıb. Vəziyyət belə davam edərsə, Müsavat Cəmil Həsənlinin də Milli Şura sədri olmasını istəməyəcək. Ehtimal var ki, Müsavat Milli Şura qarşısında şərt qoyacaq, AXCP-ni qurumu tərk etməklə hədələyəcək. Müsavatın Milli Şuranı parçalamaq gücü də var. Bir sıra partiyalar və müstəqil şəxslər Milli Şurada Müsavat görə təmsil olunublar. Müsavat qurumu tərk edəcəyi təqdirdə onlar da Şuradan çıxacaqlar. Müsavat Şuradan çıxsa AXCP ilə Müsavat arasında ana müxalifət savaşı yenidən  qızışacaq. AXCP Milli Şuranı gücləndirəcək, Müsavat isə qüvvələri İctimai Palata ətrafında təmərküzləşdirəcək. Hədəf 2015-ci il seçkiləridir. İctimai rəydə kim qalib çıxsa, seçkiyə ana müxalifət olaraq, o gedəcək.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00