Humanitar yardım Azərbaycanın xarici siyasətinin fəlsəfəsidir
17:07 SiyasətYaxud, "yamanlığa yaxşılıq ər kişinin işidir"
Post-münaqişə dövründə formalaşan yeni geosiyasi reallıqlara uyğun olaraq, rəsmi Bakı xarici siyasət strategiyasını yenidən şəkilləndirir. Azərbaycan regionda qalib dövlət və ərazi bütövlüyünü bərpa etmiş tərəf kimi mövqeyini möhkəmləndirərək beynəlxalq münasibətlər sistemində rolunu artırıb. Bu fikrin davamı olaraq qeyd edə bilərik ki, Azərbaycan son illərdə milli və regional çərçivədən çıxaraq qlobal məsələlərdə də daha fəal iştirak edir və beynəlxalq aləmdə "orta güc" hesab olunan dövlətlər sırasına daxil olub. İkinci Qarabağ müharibəsinin zəfərlə yekunlaşması Azərbaycanın xarici siyasət gündəliyində köklü dəyişikliklərə yol açdı. Prezident İlham Əliyevin vurğuladığı kimi, "əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir". Yeni mərhələdə Azərbaycan diplomatiyası regionda yaranmış geosiyasi vəziyyətə uyğun çevik addımlar atır, yaranan imkanlardan milli maraqlar naminə maksimum istifadə etməyə çalışır.
Hazırda Azərbaycanın yürütdüyü xarici siyasətin əsas istiqamətlərindən biri də humanitar sahədir ki, ölkəmiz dəfələrlə buna sadiq olduğunu öz əməlləri ilə sübut edib. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, davamlı sülh və təhlükəsizlik yalnız siyasi və hərbi alətlər hesabına təmin edilə bilməz. Humanitar prinsiplər, mənəvi dəyərlər və insan həmrəyliyi beynəlxalq münasibətlər sisteminin vacib dayaqlarından biri olmalıdır. Bu yanaşma Azərbaycanın xarici siyasət kursunda formalaşan yeni fəlsəfəni əks etdirir və ölkəmizin beynəlxalq münasibətlərdə daha geniş məsuliyyət daşıdığını göstərir.
Şərq və Qərbin qovuşduğu yerdə yerləşən və hər iki sivilizasiyanın dəyərlərini özündə birləşdirən Azərbaycan yalnız coğrafi körpü deyil, sivilizasiyalar arasında körpü rolunu da oynayır. Azərbaycan mütəmadi olaraq dünyada mədəni müxtəliflik ideyalarını yayan mühüm təşəbbüslərlə çıxış edir. Məhz bu prinsipi əsas tutan Azərbaycan Rusiya-Ukrayna müharibəsi başlayandan (2022-ci ildən) Ukraynaya bir neçə dəfə humanitar və bərpa məqsədli yardım göndərib. Bu yardımlar əsasən enerji infrastrukturu, tibbi və humanitar ehtiyacların qarşılanmasına yönəlib. Həmçinin, ukraynalı uşaqlar üçün sosial proqramlar və reabilitasiya layihələri həyata keçirilib. Müxtəlif rəsmi məlumatlara görə, Azərbaycanın Ukraynaya göndərdiyi humanitar və bərpa yardımlarının ümumi həcmi 40-45 milyon ABŞ dollarından çoxdur. Birmənalı şəkildə qeyd edilməlidir ki, Azərbaycan Ukraynaya heç bir hərbi yardım göstərmir.
Azərbaycan son illərdə Suriyadakı humanitar böhrandan zərər çəkmiş əhaliyə yardım göstərmək üçün müxtəlif addımlar atıb. Bu yardım əsasən humanitar yüklər, sosial layihələr və enerji sahəsində dəstək formasında həyata keçirilir. 2024-cü ilin sonunda Azərbaycan Suriyaya təxminən 200 ton-ərzaq məhsulları, uşaq geyimləri, tibbi və zəruri məişət ləvazimatlarından ibarət humanitar yardım göndərib. 2025-ci ildə də Suriyaya 200 ton humanitar yardım göndərilib. Humanitar yardımla yanaşı Azərbaycan Suriyanın bərpasına da kömək edir. Azərbaycan qazı Türkiyə vasitəsilə Suriyaya ixrac edilməyə başlanıb, bu da ölkədə elektrik istehsalını artırmağa kömək edir. Bu enerji təchizatı gündəlik elektrik təminatını artıraraq insanların həyat şəraitini yaxşılaşdırmağa yönəlib.
Azərbaycan 2023-cü ildə Türkiyədə baş verən güclü zəlzələdən sonra qardaş ölkəyə də böyük humanitar yardım göstərib. Belə ki, 940 nəfərlik xilasedici, həkim və könüllü heyəti zəlzələ bölgəsinə göndərilib. Azərbaycan xilasediciləri dağıntılar altından 50-dən çox insanı xilas edib və minlərlə insana tibbi yardım göstərib. Türkiyəyə 5 300 tondan çox humanitar yük (ərzaq, geyim, çadır, generator, dərman və s.) göndərilib. Türkiyədə fəaliyyət göstərən humanitar təşkilatlara 45 milyon ABŞ dollarından çox maliyyə yardımı edilib. Bundan əlavə, zəlzələ bölgəsində yaşayış evləri və sosial obyektlərin tikintisi üçün 100 milyon dollar dəstək ayrılıb.
Azərbaycan Pakistanı da müxtəlif təbii fəlakətlər zamanı humanitar yardımla dəstəkləyib. 2022-ci ildə böyük daşqınlardan sonra Azərbaycan Pakistan hökumətinə 2 milyon dollar maliyyə yardımı göndərib. Fəlakətin miqyası nəzərə alınaraq əlavə 2 milyon dollar humanitar dəstək də ayrılıb.
"Yamanlığa yaxşılıq ər kişinin işidir" deyən Azərbaycan hətta 32 il torpaqlarını işğal altında saxlayan Ermənistan dövlətinə də sülh sazişi imzalamaq təşəbbüsü ilə çıxış edib. Təklifini əməldə reallaşdıran ölkəmiz öz ərazisindən qarşı tərəfə neft və taxıl göndərilməsi üçün təhlükəsiz şərait yaradıb. Nəhayət, Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında martın 8-i baş tutmuş telefon danışığına əsasən, qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə İrana humanitar yardım yola salınıb. İran tərəfindən Azərbaycanın Naxçıvan ərazisinə dron hücumu olmasına baxmayaraq, göndərilən humanitar yardım 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq su, 600 kq-a yaxın çay, 2 tona yaxın dərman və tibbi ləvazimatlardan ibarət olub.
Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan praqmatik və prinsipial xarici siyasət yürüdən ölkə kimi çıxış edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı və məsuliyyətli tərəfdaş kimi tanınır. Azərbaycanın xarici siyasəti beynəlxalq hüquqa, dövlətlərin suverenliyinə hörmətə və qarşılıqlı faydalı əməkdaşlıq prinsipinə əsaslanır. Yaxın Şərqdə baş verən humanitar böhranlar fonunda Azərbaycan daim humanizm və beynəlxalq həmrəylik prinsiplərinə sadiq qaldığını nümayiş etdirir. Ölkəmiz müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə humanitar yardım təşəbbüslərində fəal iştirak edir, münaqişələrdən zərər çəkmiş əhaliyə dəstək göstərir və humanitar diplomatiyanın gücləndirilməsinə töhfə verir. Azərbaycanın humanitar siyasəti yalnız bəyanatlarla məhdudlaşmır. Ölkəmiz humanitar layihələr, yardım proqramları və beynəlxalq təşəbbüslər vasitəsilə qlobal humanitar gündəliyin formalaşmasına real töhfə verir.
Alim Hüseynli