Naxçıvan hücumu fonunda telefon diplomatiyası: Bakı–Tehran xəttində nə dəyişir?
11:22 SiyasətXəbər verildiyi kimi, martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Pezeşkian dövlətimizin başçısının İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib.
Məsud Pezeşkian Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək, hadisənin araşdırılacağını vurğulayıb.
Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb.
Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırılmasının vacibliyini vurğulayıb.
Telefon söhbəti əsnasında dövlət başçıları müştərək iqtisadi layihələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
İran prezidentinin telefon zəngi iki ölkə arasında yaranmış gərginliyin azalmasına təsir göstərə bilərmi?
Siyasi analitik Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a açıqlamasında bildirib ki, Məsud Pezeşkianın İlham Əliyevə etdiyi zəng bir neçə aspektdən təhlil olunmalıdır.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti Naxçıvana dron hücumu ilə bağlı kəskin etirazını ifadə etmiş, eyni zamanda Xameneinin ölümü ilə əlaqədar şəxsən səfirliyə gedərək başsağlığı vermiş və hadisənin araşdırılmasının vacibliyini vurğulamışdı.
Analitik qeyd edib ki, bu insident Azərbaycanın ərazi bütövlüyü və ictimai təhlükəsizliyi baxımından ciddi məsələdir və rəsmi Bakı İran hakimiyyətindən məsələyə aydınlıq gətirilməsini gözlədiyini açıq şəkildə bildirmişdi. Onun fikrincə, belə bir şəraitdə Pezeşkianın telefon zəngi Azərbaycan Prezidentinin mövqeyinə verilən ilkin reaksiya kimi qiymətləndirilə bilər.
Azər Hüseynov hesab edir ki, bu telefon danışığı iki ölkə arasında münasibətlərin tənzimlənməsi baxımından mühüm addım kimi dəyərləndirilə bilər:
"Çünki dövlət başçıları arasında birbaşa təmas məsələlərin aydınlaşdırılması üçün xüsusi əhəmiyyət daşıyır".
Analitik əlavə edib ki, dövlətlər arasında müxtəlif insidentlərin və narazılıqların baş verməsi beynəlxalq münasibətlərin təbiətindən irəli gələ bilər. Lakin belə hallarda birbaşa ünsiyyət münasibətlərin sağlam məcrada qalması üçün vacibdir. O ümid etdiyini bildirib ki, bu təmas Azərbaycan-İran münasibətlərinə müsbət təsir göstərəcək.
Azər Hüseynovun sözlərinə görə, Azərbaycan dəfələrlə bəyan edib ki, regionda sülh və sabitliyin qorunması ölkənin xarici siyasətinin əsas prioritetlərindən biridir.
Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, diqqət çəkən məqam Naxçıvana hücumun İranla əlaqəsinin olmadığının deyilməsidir.
Onun sözlərinə görə, hücum İran ərazisindən həyata keçirilib və istənilən halda məsuliyyət İranın üzərinə düşür.
Analitik qeyd edib ki, Prezident İlham Əliyev telefon danışığında hadisənin araşdırılmasının vacibliyini vurğulayıb, İran prezidenti isə bunun araşdırılacağını bildirib.
Asif Nərimanlı əlavə edib ki, Naxçıvan hücumunun birbaşa SEPAH-ın planı olduğuna dair əsaslı şübhələr var:
"Pezeşkian sağlam yanaşma sərgiləsə də, İrana faktiki nəzarət edən SEPAH-ın eyni mövqedən çıxış etmədiyi reallığı var: onun qonşu ölkələrə hücumlara görə üzr istəməsi və hücumların dayandırıldığı haqda fikirlərinin rejim daxilində tənqidlə qarşılanması, hətta təkzib edilməsi də bundan qaynaqlanır. O da nəzərə alınmalıdır ki, Pezeşkianın İlham Əliyevə zəngi SEPAH-ın Azərbaycanı təhdid etməsi fonunda baş verir.
Bakının tələbləri isə dəyişmir: hadisə araşdırılmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Əks təqdirdə, sərt mövqe davam edəcək".