İranın Azərbaycana qarşı nankorluğu - ŞƏRH
12:06 SiyasətTerror aktı cavabsız qalmayacaq
ABŞ və İsrailin hərbi hücumuna məruz qalan İran İslam Respublikası öz müdfiə sistemini gücləndirmək, yeni müttəfiqlər axtarmaq, dövlət kimi məhv olmaq təhlükəsindən yayınmaq əvəzinə müharibənin çoğrafiyasını genişləndirməyə çalışır. Qonşu və region dövlətlərinə qarşı sərgilədiyi məkirli münasibətin fərqində olan İran çıxış yolunu təxribat və terror aktında görür. Xüsusən, Azərbaycana qarşı yeri gəldi-gəlmədi heç bir əsası olmayan ittihamlar irəli sürməsi İranın xarici siyasətinin ana xəttini təşkil edir. Azərbaycanın heç bir dövlətin daxili işinə qarışmamaq, heç bir dövlətlə müharibə aparmamaq niyyətinə məhəl qoymadan ölkəmizi yerli-yersiz suçlamaq yolunu tutub. Hələ İrana hücum başlamazdan əvvəl fars-molla rejiminin nəzarəti altında olan mətbuat orqanlarına Azərbaycana qarşı təxribat xarakterli materialların yayılması barədə fətvanın verilməsi sezilirdi. Özü də belə dezinformasiyalar bir çox hallarda cənublu soydaşlarımızın dilindən səsləndirilirdi. Yəni, bizə qarşı bizim dilimizdə təxribat törədilirdi. Artıq molla rejimi təxribatını açıq şəraitdə silahlı hücumla nümayiş etdirir. Belə ki, Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. İran ordusuna məxsus "Şahid" PUA-sı Naxçıvan aeroportuna düşüb. İran İslam Respublikası ərazisindən həyata keçirilən dron hücumları nəticəsində dörd nəfər mülki şəxs xəsarət alıb.
Əvvala qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən mülki infrastruktur obyektlərinə qarşı İran İslam Respublikasının silahlı qüvvələri tərəfindən pilotsuz uçuz aparatları (PUA) vasitəsi ilə zərbələr endirilməsi beynəlxalq hüququn hamılıqla tanınan norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Ona görə də İran dövlət olaraq rəsmi şəkildə Azərbaycandan üzr istənilməlidir və bu cinayəti törədən şəxslər məsuliyyətə cəlb olunmalıdırlar. Eyni zamanda, qeyd etmək lazımdır ki, baş verən hüquqa zidd hərəkətlər İran dövlətinin beynəlxalq hüquqdan irəli gələn məsuliyyətini də ehtiva edir. Təsadüfi deyil ki, məsələnin ciddiliyini nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev baş verən hadisə ilə əlaqədar Təhlükəsizlik Şurasının iclasını keçirib. İranın ölkəmizə qarşı törətdiyi təxribatı terror aktı kimi dəyərləndirən dövlət başçısı İran tərəfindən izahat verilməsi, üzr istənilməsi və terror aktını törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsi tələbini irəli sürdü: "Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir".
Terror aktı, yaxud hansısa təxribatla Azərbaycanı qorxuzmaq, ölkəmizə əzələ nümayiş etdirmək İranın gücündə deyil. Qalib ölkə olan Azərbaycanda "dəmir yumruq" hər zaman öz yerindədir. Məhz bu səbəbdən dövlət başçısı İran tərəfinin dron hücumunun cavabsız qalmayacağını bəyan edərək Silahlı Qüvvələrimizn tam hazırlıq vəziyyətinə gətirilməsi tapşırığını verib: "Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq" vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi".
Əslində, İranın İslam həmrəyliyinə qarşı çıxması, İslam ölkələrini hədəf götürməsi bu ölkənin şərəfsiz xislətindən irəli gəlir. İran özünü İslam Respublikası adlandırsa da daim İslam ölkələrinin birliyinə qarşı çıxıb, onlara qarşı təxribatlar törətməklə məşğul olub. Türk dövlətlərinin yaxınlaşması isə "Tehranın qorxulu yuxusuna" çevrilib. Hazırki şəraiitdə İranın Azərbaycana qarşı nankorluğu fikrimizi bir daha təsdiq edir. Təsəvvür edək ki, dəfələrlə rəsmi şəkildəbəyan edilib ki, Azərbaycan İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Lakin Azərbaycanın rəsmi dövlət mövqeyini dəyərləndirərək təşəkkür bildirmək əvəzinə, ölkəmizə qarşı terror aktı törətmək şərəfsizliyin ən ali dərəcəsidir: "Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar".
İranın ölkəmizə qarşı törətdiyi terror aktı beynəlxalq hüquq norma və prinsiplərinə zidd olduğundan beynəlxalq ictimaiyyət Azərbaycanın mövqeyinə dəstək nümayiş etdirir. Dünya liderlərinin Prezident İlham Əliyevə telefon zəngləri bunu bir daha təsdiq edir. Bu isə Azərbayanın beynəlxalq səviyyədə dəstəklənməsi və ölkəmizə qarşı həmrəyliyin bariz ifadəsidir. Nəzərə almaq lazımdır ki, mülki infrastrukturu və dinc insanların istifadə etdiyi obyektləri, xüsusilə də orta məktəbi hədəf alan belə bir addım beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda sabitliyə və təhlükəsizliyə ciddi təhlükə yaradır.
Alim