İranın bu addımı regionun sabitliyinə yönəlmiş təhlükəli təxribatdır

"İran İslam Respublikası tərəfindən Naxçıvan Muxtar Respublikasının ərazisində yerləşən mülki obyektlərə pilotsuz uçuş aparatı ilə zərbələr endirilməsi ciddi narahatlıq doğuran və qətiyyətlə pislənilməli olan hadisədir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mahir Süleymanlı deyib: "Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı baş vermiş hadisəni Azərbaycan dövlətinə qarşı törədilmiş terror aktı kimi qiymətləndirmiş, məsul şəxslərin dərhal cinayət məsuliyyətinə cəlb olunmasını, rəsmi izahat verilməsini və üzr istənilməsini tələb etmişdir. Prezident vurğulamışdır ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü qorumağa qadirdir, istənilən təhdidə adekvat cavab veriləcək, diplomatik kanallar vasitəsilə etiraz notası təqdim olunacaq və bütün zəruri tədbirlər görüləcəkdir.
Qeyd etmək istəyirəm ki, belə addımlar təkcə ölkəmizə qarşı deyil, bütövlükdə regionun sabitliyinə yönəlmiş təhlükəli təxribatdır və formalaşmış etimad mühitinə ciddi zərbə vurur. Dövlətimizin qətiyyətli mövqeyi və xalqımızın birliyi sayəsində ölkəmizin təhlükəsizliyinə yönəlmiş hər hansı təhdid cavabsız qalmayacaq, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü bundan sonra da etibarlı şəkildə təmin olunacaqdır.
Prezidentin də qeyd etdiyi kimi, "Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim 'Dəmir yumruğ'umuzu görəcək". Bu qətiyyətli mövqe dövlətimizin milli maraqlarının müdafiəsində dəyişməz prinsip olaraq qalır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31