Prezident düyməyə basdı: İranla bağlı səfərbərlik elan edildi – Tehran nə cavab verəcək?
20:14 SiyasətAzərbaycanın İrana cavabı gecikmədi. Üstəlik, ölkənin bir nömrəli şəxsinin timsalında. Belə ki, martın 5-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda Prezident İlham Əliyev bir çox məqama toxunub.
Ümumiyyətlə, Prezidentin çıxışının tonu diqqət çəkir. Açıq-aydın məyusluq, qəzəb və özünə inam hiss olunur. Görünür ki, Azərbaycan İrandan belə hücum gözləmirdi. Bunu Prezidentin iki fikri xüsusilə təsdiqləyir:
- Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar.
- Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın Xarici İşlər Nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərilsin, təyyarə göndərilsin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək.
Əslində, bu iki məqam Azərbaycanın İrandan hücum gözləmədiyini, əksinə, özünün də İran üçün narahatlıq keçirdiyini göstərir. Azərbaycan həqiqətən heç bir halda İrana qarşı edilən hücumları dəstəkləməyib, hətta pisləyib. Lakin İranın Naxçıvana hücumu hər şeyi dəyişir.
Rəsmi Bakı açıq şəkildə bildirir ki, bundan sonra "hər şeyə cavab olacaq və hər şeyə hazır olun". Xüsusilə Prezidentin "Dəmir yumruq" ifadəsini yenidən işlətməsi çox ciddi siyasi mesajdır. Bu gün Azərbaycanda və regionda hər kəs yaxşı bilir ki, bu termin simvolik mənası ilə "44 günlük Vətən müharibəsi" ilə əlaqəlidir. Hətta müqayisə üçün deyə bilərəm ki, Prezidentin "Dəmir yumruq" ifadəsi, Türkiyənin keçmiş Baş Naziri Bülent Ecevitin "Ayşe tatile çıksın" ifadəsi ilə eyni məğzdədir.
Yəni Azərbaycan hərbi cavab variantını açıq şəkildə masada saxlayır. Eyni zamanda Prezidentin "Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar" sözləri vəziyyətin, o cümlədən ölkə başçısının ciddiliyinin ən pik həddini göstərir.
Top artıq İrandadır. Mollalar əmmaməsini qabağına qoyub düşünməlidir. Çünki Prezident İlham Əliyev "cavab tədbirləri hazırlansın" tapşırığını verdi, amma konkret əməliyyat barədə danışmadı. Bu strateji qeyri-müəyyənlik düşünmək üçün yetərli səbəbdir. Güney Azərbaycan faktoru Bakının hazırda ən böyük üstünlüyüdür.
Ehtimal ki, rəsmi Bakı Ankara ilə müzakirələrə başlayıb, müttəfiqi ilə atılacaq addımları razılaşdıracaq. Bundan Bakı niyyətinin ciddiliyini göstərmək üçün hərbi təlimlərə başlaya, hətta bu təlimlərə Türkiyə hava qüvvələri və personalı da qoşula bilər.
Əgər İran tərəfdən hücumlar davam edərsə, Çaldıran ovasında türklər yenidən bir araya gələr lakin bu dəfə bir-birinə qarşı yox ortaq düşmə qarşı...
Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı