Gürcüstanın müdafiə naziri Zakir Həsənovla regiondakı təhlükəsizliyi müzakirə edib

Martın 5-də Gürcüstanın müdafiə naziri İrakli Çikovaninin təşəbbüsü ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, tərəflər, ölkələrimiz arasında əlaqələr, regiondakı cari vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

"Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub", - MN-dən bildirilib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31