İsrail XİN İran dronlarının Naxçıvana hücumunu pisləyib

5 mart 2026-cı il tarixində İsrail Dövlətinin xarici işlər naziri Gideon Sa'ar Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Olaylar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Telefon danışığı zamanı regionda artan təhlükəsizlik riskləri, xüsusilə hərbi gərginlik və bunun regional sabitliyə təsirləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov 5 mart 2026-cı il tarixində İran İslam Respublikası tərəfindən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə qarşı dron hücumları barədə həmkarına məlumat verib. Bu addımın ölkəmizin suverenliyinə və beynəlxalq hüququn norma və prinsiplərinə zidd olduğu diqqətə çatdırılıb.

İsrail tərəfi bu hücumu pisləyib, onun qəbuledilməz olduğunu qeyd edib və ölkəmizlə həmrəy olduğunu bildirib.

Qeyd edək ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.

Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31