Azərbaycanın təxribatlara cavab verməsi üçün dövlət iradəsi var- ÖZƏL

"Naxçıvan Muxtar Respublikasının ərazisinin pilotsuz uçuş aparatları ilə hədəfə alınması Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşı son dərəcə ciddi və qəbuledilməz addım kimi qiymətləndirilməlidir". Olaylar xəbər verir ki, bunu iqtisadçı alim, professor Zahid Məmmədov deyib: "Xüsusilə mülki obyektlərin - hava limanı infrastrukturu, təhsil müəssisələri və digər dinc obyektlərin hədəf seçilməsi beynəlxalq humanitar hüququn prinsiplərinə açıq şəkildə ziddir. Belə bir hadisə regionda onsuz da həssas olan təhlükəsizlik balansını pozmaq potensialına malikdir və bu baxımdan ciddi siyasi və hüquqi qiymətləndirmə tələb edir. Azərbaycan tərəfi hadisə ilə bağlı tam və əsaslandırılmış izahat gözləməkdə haqlıdır. Eyni zamanda bu cür addımların təkrarlanmaması üçün məsul şəxslərin müəyyən olunması və beynəlxalq hüquq çərçivəsində məsuliyyətə cəlb edilməsi vacibdir. 
Zəfər qazanmış Azərbaycanın regional və beynəlxalq səviyyədə artan nüfuzu bəzi qüvvələri ciddi şəkildə narahat edir. Məhz bu kontekstdə İran ərazisindən həyata keçirilən terror xarakterli hücumun əsas məqsədlərindən biri Azərbaycanın təhlükəsizlik mühitini gərginləşdirmək, regionda sabitliyi pozmaq və ölkənin siyasi iradəsinə psixoloji təzyiq göstərməkdir. Lakin bu cür təxribatlar Azərbaycanın dövlətçilik iradəsini və cəmiyyətin milli həmrəyliyini daha da gücləndirir.
Azərbaycan son illərdə əldə etdiyi hərbi, siyasi və iqtisadi uğurlar sayəsində regionun əsas güc mərkəzlərindən birinə çevrilmişdir. Tarix göstərir ki, Azərbaycan dövləti bu cür təhdidlər qarşısında hər zaman qətiyyətli mövqe nümayiş etdirərək öz təhlükəsizliyini və suverenliyini təmin etməyə qadirdir.
Bu baxımdan, İran ərazisindən həyata keçirilən belə terror aktları yalnız regional sabitliyə deyil, eyni zamanda beynəlxalq hüquq normalarına qarşı açıq hörmətsizlik kimi qiymətləndirilməlidir. Azərbaycanın isə bu kimi təxribatlara qarşı adekvat siyasi, diplomatik və təhlükəsizlik tədbirləri görmək üçün kifayət qədər imkanları və dövlət iradəsi mövcuddur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31