Azərbaycan İrandan izah və zəmanət tələb edir - ÖZƏL

"Azərbaycan İranın Naxçıvana dron hücumu ilə bağlı ilkin mərhələdə lazım olan münasibəti ortaya qoyub. Rəsmi Bakı haqlı olaraq bildirib ki, bu hadisə iki ölkə arasındakı münasibətlərdə gərginlik yarada biləcək ciddi insidentdir. Bu səbəbdən də İran hakimiyyətindən zəruri izahat tələb olunub və belə halların bir daha təkrarlanmayacağı ilə bağlı zəmanət istənilib. Bu, Azərbaycanın ilkin mərhələdə verdiyi ən düzgün diplomatik-siyasi reaksiyadır."

Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:

"Eyni zamanda Azərbaycanın bu hadisənin mənbəyi ilə bağlı tam və əsaslandırılmış izah tələb etmək hüququ da var. İran hökuməti bu izahı verməyə borcludur. Çünki Azərbaycan-İran münasibətləri hər zaman həssaslığı ilə seçilib və Azərbaycan heç vaxt İrana qarşı düşmən mövqeyi tutmayıb. Nə birbaşa, nə də dolayı şəkildə Azərbaycanın İrana qarşı düşmənçilik etdiyini sübut edən hər hansı fakt mövcud deyil.

Halbuki keçmişdə İran tərəfindən Azərbaycana qarşı müxtəlif xoşagəlməz addımlar atılıb. Buna baxmayaraq, Azərbaycan həmin səhifəni keçmişdə saxlayaraq münasibətlərdə yeni mərhələyə keçmək istəyini nümayiş etdirib. Bu baxımdan İran tərəfindən atılan belə bir addım mahiyyət etibarilə düşmənçilik xarakteri daşıyır. Onun arxasında İran siyasi hakimiyyətinin bütövlükdə, yoxsa hansısa qanadının dayanıb-dayanmadığı aydın və arqumentli şəkildə izah edilməlidir.

Çünki Naxçıvanda müəyyən obyektlərin vurulması mahiyyət etibarilə elan olunmamış müharibə kimi qiymətləndirilə bilər. Əgər İran Azərbaycana lazımi izahı təqdim etməzsə, Azərbaycanın bu hücumlara adekvat cavab vermək hüququ və imkanları mövcuddur. Bu isə bölgədə daha dərin gərginliyin yaranmasına səbəb ola bilər.

Belə bir vəziyyətdə Azərbaycan-İran münasibətlərində yarana biləcək növbəti gərginliyin bütün məsuliyyəti İranın üzərinə düşəcək. Münasibətlərin daha da pisləşməməsi üçün əsas məsuliyyət və öhdəlik artıq İranın üzərindədir. Aydındır ki, Azərbaycan-İran münasibətlərinin hərbi qarşıdurma səviyyəsinə qədər gərginləşməsi arzuolunan deyil. İran da sübut etməlidir ki, Azərbaycanla münasibətlərin bu həddə çatmasında maraqlı deyil.

Azərbaycan bu mövqeyini dəfələrlə nümayiş etdirib. İndi isə eyni iradəni İran tərəfinin ortaya qoyması vacibdir. Şübhəsiz ki, regionda Azərbaycan-İran münasibətlərinin gərginləşməsini istəyən qüvvələr də mövcuddur. Lakin İran hökuməti həm də sübut etməlidir ki, belə qüvvələrin bu hadisədə hər hansı təsiri və ya iştirakı yoxdur.

Nəzərə almaq lazımdır ki, hadisə məhz İranla sərhədə ən yaxın bölgələrdən biri olan Naxçıvanda baş verib. Bu isə məsuliyyətin böyük ölçüdə İran tərəfinin üzərində olduğunu göstərir."

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31