Ermənilərin qayıdış istəyi: Azərbaycanın vəd etdiyi perspektivlər və təhlükəsizlik – ÖZƏL

Ramiyə Məmmədova: "Ermənistan siyasi elitası Azərbaycanın üstünlüklərini dərk edir".

"Ermənistanda bəzi deputatların Qarabağ ermənilərinin geri qayıtması ilə bağlı səsləndirdikləri fikirlər əslində onu göstərir ki, bu gün erməni cəmiyyətində müəyyən dairələr anlayır: onların normal yaşayışı və daha geniş imkanlar əldə etməsi baxımından Azərbaycan dövlətinin təmin edə biləcəyi şərait daha real görünür".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. Siyasi şərhçi bildirib ki, bu, o deməkdir ki, 44 günlük müharibədən sonra Azərbaycanda aparılan genişmiqyaslı quruculuq işləri, iqtisadi inkişaf və regionda həyata keçirilən layihələr həm Qarabağ ermənilərinin, həm də ümumilikdə Ermənistanın siyasi elitasının diqqətindən kənarda qalmır. Onlar görürlər ki, bu gün regionda Azərbaycanın perspektivləri daha yüksəkdir və bu çərçivədə həmin ərazidə yaşayan insanlar daha çox imkan və imtiyaz əldə edə bilərlər.

Ekspert bildirib ki, bununla yanaşı, dəfələrlə qeyd olunub ki, bu cür proseslər qarşılıqlı olmalıdır. Yəni Ermənistanın Qarabağa qayıdan vətəndaşları olduğu kimi, eyni zamanda azərbaycanlıların da öz doğma yurdlarına qayıtması məsələsi qarşılıqlı şəkildə müzakirə olunmalıdır. Azərbaycan necə ki, öz ərazisində yaşayan insanların təhlükəsizliyini və hüquqlarını təmin etməyə hazır olduğunu bildirirsə, eyni zamanda Ermənistanda azərbaycanlılar üçün də təhlükəsizlik və normal yaşayış şəraiti yaradılmalıdır. Əslində, bir vaxtlar Azərbaycan tərəfindən təklif olunan təhlükəsizlik və inteqrasiya imkanlarından ermənilərin bir hissəsi imtina etmiş və Ermənistana köçməyi seçmişdi. Lakin görünür ki, bu gün gedən proseslər fonunda bəzi dairələr anlayırlar ki, Azərbaycan ərazisində yaşamaq onlar üçün daha əlverişli ola bilər. Regionda baş verən proseslər də bu düşüncələrə təsir göstərir. Azərbaycanın logistika imkanlarının genişlənməsi, iqtisadi gücünün artması və qlobal siyasətdə daha fəal rol oynaması erməni cəmiyyətində də gələcəklə bağlı müəyyən maraq yaradır. Bu baxımdan bəzi dairələrin Azərbaycana qayıdış məsələsini yenidən gündəmə gətirməsi diqqət çəkir.

Ekspertin sözlərinə görə, 44 günlük müharibədən sonra Ermənistan ilə Azərbaycan arasında aparılan sülh danışıqları fonunda bu cür fikirlər müəyyən mənada müsbət addım kimi də qiymətləndirilə bilər. Əgər bu proses qarşılıqlı şəkildə həyata keçirilərsə, bu, daha müsbət nəticələr verə bilər. Belə bir yanaşma iki xalq - azərbaycanlılar və ermənilər arasında müəyyən inteqrasiya prosesinin başlanmasına gətirib çıxara bilər ki, bu da gələcəkdə regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edə bilər. Eyni zamanda bu gün görürük ki, Qafqaz regionu böyük geosiyasi maraqların kəsişdiyi məkan olaraq qalır. Regiona həm Qərb ölkələrinin, həm Rusiyanın, həm də yaxın qonşu dövlətlərin marağı var və onlar Qafqazdakı proseslərə müəyyən təsir göstərmək istəyirlər. Buna baxmayaraq, regionun üç əsas dövləti - Azərbaycan, Ermənistan və Gürcüstan - müəyyən dərəcədə balanslaşdırılmış siyasət yürütməyə çalışırlar. Bu ölkələr bir tərəfdən müxtəlif beynəlxalq güclərin maraqlarını nəzərə almağa məcbur olsalar da, digər tərəfdən regionda sabitliyin qorunmasına çalışırlar. Lakin buna baxmayaraq, Qafqaza maraq böyük olaraq qalır və regionda həyata keçirilən layihələr, nəqliyyat dəhlizləri və iqtisadi təşəbbüslər gələcəkdə dövlətlər arasında müəyyən rəqabət və qarşıdurma risklərini də gündəmə gətirə bilər. Məhz bu səbəbdən erməni cəmiyyətində də belə bir anlayış formalaşır ki, bu gün regionda daha sürətlə inkişaf edən və imkanları artan dövlət kimi Azərbaycan gələcək baxımından daha geniş perspektivlər vəd edə bilər.

"Eyni zamanda qeyd etmək lazımdır ki, əgər bu məsələ Ermənistan tərəfindən qaldırılırsa, Azərbaycan da qarşılıqlı şəkildə öz tələblərini irəli sürməlidir. Qarşılıqlı görüşlər keçirilməli, insanların yenidən birgə yaşaması və qarşılıqlı inteqrasiyası üçün mexanizmlər üzərində işlənilməlidir. Bu cür addımlar regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasına xidmət edə bilər," - deyə R. Məmmədova vurğulayıb.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31