Ekspert: "Azərbaycanın enerji ixracı geostrateji imkanlarımızı artırır" – ÖZƏL

Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında bildirib ki, 2028-ci ildən etibarən yeni layihələr hesabına Azərbaycanın qaz hasilatının əlavə 10-15 milyard kubmetr artırılması planlaşdırılır.
Qeyd olunub ki, Almaniya və Avstriyanın da qoşulması ilə Azərbaycan qazını alan Avropa İttifaqı ölkələrinin sayı 10-a çatıb. Cənub Qaz Dəhlizi artıq tam gücü ilə işlədiyindən yeni həcmlərin nəqli üçün kəmərlərin genişləndirilməsi zəruri hesab olunur. Bununla yanaşı, Azərbaycanın çağırışlarına baxmayaraq, Avropa maliyyə institutları hələlik infrastrukturun genişləndirilməsinə maliyyə dəstəyi göstərməkdə maraqlı görünmür.

"Prezidentimiz tərəfindən səsləndirilən fikirlər Azərbaycanın enerji strategiyasının uzunmüddətli və dayanıqlı inkişaf istiqamətini bir daha nümayiş etdirir".

Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Ekspert bildirib ki, prezidentin dediyi kimi 2028-ci ildən etibarən yeni layihələr hesabına ölkədə təbii qaz hasilatının əlavə 10-15 milyard kubmetr artırılması planlaşdırılır. Bu artıma həm iqtisadi,həm,geostrateji prizmadan baxsaq,bu artım Azərbaycanın enerji ixrac potensialını daha da gücləndirəcək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində strateji tərəfdaş kimi rolunu möhkəmləndirəcək. Düzdür hal-hazırda biz Avropanın cəni 2-4 % qaz tələbatını yerinə yetirsək də hazırda Avropa İttifaqı ölkələri arasında Azərbaycan qazını alan dövlətlərin sayının 10-a çatması Cənub Qaz Dəhlizinin əhəmiyyətinin artdığını göstərir. Almaniya və Avstriyanın bu prosesə qoşulması Azərbaycanın Avropa enerji bazarında mövqelərinin daha da genişləndiyini təsdiqləyir.

İqtisadçı əlavə edib ki, Cənub Qaz Dəhlizi tam gücü ilə fəaliyyət göstərdiyi üçün gələcəkdə əlavə qaz həcmlərinin nəqli məqsədilə mövcud boru kəmərlərinin genişləndirilməsi mühüm zərurətə çevrilir. Bu baxımdan Avropa maliyyə institutlarının layihənin infrastruktur komponentlərinin genişləndirilməsinə daha fəal şəkildə dəstək verməsi qarşılıqlı enerji təhlükəsizliyinin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Təbii ki,risklərimizi də nəzərə alıb nəzarətdə saxlamaq şərtilə.

"Azərbaycan uzun illərdir etibarlı enerji tərəfdaşı kimi üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirir və regional enerji əməkdaşlığının inkişafına töhfə verməyə davam edir. Qarşıdakı dövrdə hasilatın artırılması və infrastrukturun genişləndirilməsi həm ölkə iqtisadiyyatının güclənməsinə, həm də Avropanın enerji təchizatının şaxələndirilməsinə mühüm töhfə verəcəkdir", - deyə iqtisadçı qeyd edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31