“Normallaşma mərhələsində belə açıqlamalar təxribat xarakteri daşıyır”- Açıqlama - ÖZƏL

Ermənistanın "Ermənistan" Milli Partiyasından olan deputat Kristine Vardanyan Qarabağ ermənilərinin kollektiv şəkildə bölgəyə qayıtmaq hüququnun gündəmdə olduğunu bildirib. O qeyd edib ki, partiya müharibə və ya bölgənin "azad edilməsi" kimi çağırışlar etmir, lakin ermənilərin qayıdış hüququnun qorunmasını real hesab edir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, qayıdış yalnız qarşılıqlı prinsip əsasında mümkündür. Onun sözlərinə görə, Qarabağ ermənilərinə vaxtilə reinteqrasiya proqramı və Azərbaycan vətəndaşlığı təklif edilsə də, onlar bunu qəbul etməyiblər.

Ermənistan siyasətçilərinin Qarabağ ermənilərinin "kollektiv qayıdışı" məsələsini gündəmə gətirməsi regional siyasətdə hansı məqsədlərə xidmət edir?Mövzu ilə bağlı "Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü Olaylar.az-a açıqlama verib: 
"Dövlətlər arasında gedən normallaşma mərhələsində bu cür fikirləri ziyanlı, bəzi məqamlarını isə təxribatçı fikirlər kimi qəbul edirəm və qiymətləndirirəm. Çünki artıq münasibətlər çox normal bir məcraya qədəm qoyduğu bir vaxtda, tərəflərin sülh sazişi imzalamaq üçün bütün çalışmaları həyata keçirdiyi və sabitliyin formalaşdığı bir mərhələdə Ermənistanda siyasətçilərin, nüfuzlu şəxslərin belə açıqlamalarla çıxış etməsini qınayıram. Yəni bu, təhlükəli məqamlar yarada bilər. 
O ki qaldı Qarabağdan könüllü şəkildə köçüb gedənlərin qayıtması məsələsinə, antiterror tədbirlərindən sonra biz Ermənistan tərəfinə və Qarabağdan könüllü şəkildə köçüb gedən ermənilərə müraciət etdik. Azərbaycan dövləti olaraq bildirdik ki, buyurun, orada əvvəllər yaşamış ermənilər geri qayıdıb yaşaya bilərlər. Bunun üçün xüsusi bir sayt da yaradıldı ki, onlar onlayn şəkildə müraciət edə bilsinlər və müraciətləri araşdırılsın. Söhbət kənardan gələnlərdən deyil, başqa ölkələrdən köçürülənlərdən yox, məhz Qarabağda yaşamış ermənilərdən gedirdi. Onlar müəyyənləşdiriləcək və yaşamaq üçün icazə veriləcəkdi. Təəssüf ki, o zaman ermənilər nəinki bu fürsətdən istifadə etmədilər, hətta bəzi dairələr bu məsələni bəhanə edərək kampaniya apardılar. Yəni Azərbaycan dövlətinə qarşı beynəlxalq miqyasda kampaniya başladıldı və iddia edildi ki, Azərbaycan Qarabağ ermənilərini zorla qovub. Sonradan isə məlum oldu ki, bu iddiaları sübut etmək mümkün deyil. Bəlli oldu ki, bunlar əsassız iddialardır və "fake news"dan başqa bir şey deyil. O vaxtdan etibarən bu məsələlər də məhz bu şəkildə tənzimlənməyə başladı.
İndi yenidən onların qayıtmaq istəməsi ilə bağlı məsələni mən real görmürəm. Çünki ermənilər özləri də bunda maraqlı görünmürlər, hətta müraciət də etmirlər.
Amma Qərbi Azərbaycan məsələsi fərqlidir. Bizim Qərbi azərbaycanlı soydaşlarımız öz doğma torpaqlarına - indiki Ermənistan ərazisinə qayıtmaq istəyirlər. Onlar nəinki bunu istəyirlər, hətta bunun uğrunda mübarizə də aparırlar. Ona görə də Qərbi azərbaycanlıların da orada yaşamaq hüququ təmin olunmalıdır. Onlar dinc, rahat və ləyaqətli şəkildə öz doğma torpaqlarına qayıtmalıdırlar". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31