İranın naxələfliyi nə vəd edir?

Bəzi qüvvələr var ki, onların siyasətdə tutduğu mövqeni izah etmək üçün uzun-uzadı terminlərə ehtiyac qalmır. Xalqın dili ilə desək, daha əvvəlki yazılarımda da qeyd etdiyim kimi, bunlar hamam fitəsidir bir əldə qalmaz, daim əldən-ələ keçər, kim istəsə onun əlində sıxılar. Prinsipi, sabit mövqeyi və siyasi ləyaqəti olmayanların taleyi tarix boyu belə olub. Bu gün baş verən hadisə bu həqiqəti bir daha açıq şəkildə göstərdi. İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisinə dron zərbəsi endirməsi təkcə hərbi təxribat deyil. Bu addım molla rejiminin siyasi mahiyyətini, riyakarlığını və nankorluğunu bütün çılpaqlığı ilə ortaya qoydu. Azərbaycan dövləti illərdir qonşuluq və tərəfdaşlıq münasibətlərində öz etibarlı siyasi nümunəsini nümayiş etdirib. Regionda sabitliyin və qarşılıqlı hörmətin tərəfdarı kimi çıxış edib. Azərbaycanın ərazisi heç vaxt İran üçün və ümumiyyətlə heç bir ölkə üçün təhlükə mənbəyi olmayıb. Bu, həm siyasi bəyanatlarda, həm də real siyasətdə dəfələrlə sübut olunmuş faktdır. Bunun fonunda Azərbaycanın nümayiş etdirdiyi siyasi davranış hər kəsə məlumdur. İranın ali rəhbərinin vəfatı ilə bağlı Azərbaycan Prezidenti dərhal başsağlığı verib, İran səfirliyini ziyarət edib və diplomatik həmrəylik nümayiş etdirib. Hətta humanitar yardım göndərilməsi məsələsi belə müzakirə olunurdu.Lakin bütün bunlara baxmayaraq, İranın molla rejimi heç zaman bu nümunəyə sadiq olmayıb. Əksinə, daim riyakar və nankor siyasi davranış xətti nümayiş etdirib.
Belə bir şəraitdə Naxçıvan ərazisində mülki vətəndaşların istifadə etdiyi hava limanının dron zərbəsi ilə hədəfə alınması təkcə hərbi təxribat deyil. Bu addım molla rejiminin siyasi nankorluğunun və riyakarlığının açıq göstəricisidir. Mülki infrastrukturu hədəfə almaq hərbi güc nümayişi deyil, əksinə, siyasi və strateji acizliyin göstəricisidir.Bu, nə hərbi gücdür, nə də siyasi qətiyyət. Bu, açıq şəkildə qorxaqlıqdır. Mülki infrastrukturu vurmaq isə beynəlxalq hüquqa görə terror aktı kimi qiymətləndirilir.Tarix dəfələrlə sübut edib ki, Azərbaycana qarşı düşmən mövqeyi seçənlər sonda peşman olublar. Çünki Azərbaycan dövləti artıq regionun güclü siyasi və hərbi aktorudur. Bu dövlət öz təhlükəsizliyini qorumağı və təhdidlərə adekvat cavab verməyi bacaran dövlətdir. Və bilməlisiniz ki, Azərbaycana qarşı belə addımların atılmasına cavab reaksiyası son dərəcə sərt və qəti olacaq. Amma məsələ yalnız Naxçıvana endirilən dron zərbəsi ilə bitmir. Molla rejiminin əsl problemi daha dərindir. Bu rejim illərdir regionda destruktiv siyasət aparmaqla yanaşı, öz sərhədləri daxilində yaşayan milyonlarla azərbaycanlıya qarşı sistemli ayrı-seçkilik siyasəti yürüdür. Cənubi Azərbaycanda yaşayan soydaşlarımız ana dilində təhsil hüququndan məhrum edilir. Azərbaycan kimliyini müdafiə edən fəallar təqib olunur, həbs edilir və müxtəlif təzyiqlərə məruz qalır. Bu siyasət təsadüfi deyil illərdir davam edən planlı assimilyasiya siyasətidir. Azərbaycan dünyanın 70-dən çox ölkəsində yaşayan təxminən 60 milyona yaxın azərbaycanlının vətənidir. Onların 35 milyonu isə Cənubi Azərbaycanda yaşayır. Bu bağlılıq dərin mənəvi köklərə və ortaq tarixə əsaslanır. Sizin bu nankorluğunuz həmin dəyərlərin və bağlılığın yüksələn dalğası qarşısında məhv olacaq. Tarix çox rejimləri arxivə göndərib. Zülm üzərində qurulan sistemlər gec-tez çökməyə məhkumdur. Molla rejimi də bu qanundan kənarda deyil. Hamam fitələri isə tarix boyu dəyişməyib. Onlar həmişə başqalarının əlində vasitə kimi istifadə olunublar. Amma xalqlar və güclü dövlətlər öz talelərini özləri müəyyən edirlər.
  Azərbaycan isə öz yolunu seçmiş dövlətdir. Bu yol güclü dövlətçilik, milli birlik, hüquqi və dünyəvi idarəçilik yoludur. Dövlətin təhlükəsizliyi, suverenliyi və milli maraqları Azərbaycan üçün hər zaman əsas prioritet olaraq qalacaq.

Ramil Hüseynov

Siyasi şərhçi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31