Siyasi şərhçi: “İran rejimi region üçün ciddi təhlükə mənbəyinə çevrilir” – ÖZƏL
16:44 Siyasət"Təəssüf ki, Azərbaycanın sülhsevər və mehriban qonşuluq siyasətinə baxmayaraq, İranda fəaliyyət göstərən ekstremist və şovinist dairələr Azərbaycana qarşı təxribatlardan artıq real təcavüz mərhələsinə keçiblər. Bunun bariz nümunəsi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən ən həssas və strateji nöqtələrdən biri olan Naxçıvan Beynəlxalq Hava Limanının hədəfə alınmasıdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçinin sözlərinə görə, bu hadisə göstərir ki, İran tərəfi yalnız hərbi-strateji obyektləri deyil, eyni zamanda daha çox mülki və humanitar təyinatlı obyektləri də hədəf almağa hazırdır. Belə addımlar isə həmin hakimiyyətin və rejimin nə dərəcədə aqressiv və təhlükəli siyasət yürütməsinin göstəricisidir. Bu gün Azərbaycana və eyni zamanda dünən Türkiyəyə qarşı həyata keçirilən hava təxribatları təsadüfi xarakter daşımır. Əslində bu proseslər İran rəhbərliyinin hələ müharibə başlamazdan əvvəl səsləndirdiyi bəyanatlarla da müəyyən mənada üst-üstə düşür. Həmin bəyanatlarda müharibənin Yaxın Şərq coğrafiyasına geniş şəkildə yayılacağı ilə bağlı fikirlər səsləndirilirdi. Fevralın 28-də İranın dini liderinə yaxın şəxslərin və bir sıra yüksək rütbəli generalların məhv edilməsi ilə başlayan hərbi əməliyyatlardan sonra İranın Yaxın Şərqin bəzi ərəb ölkələri ilə yanaşı Azərbaycana və Türkiyəyə qarşı aqressiv addımlar atması onu göstərir ki, mövcud hakimiyyət region üçün ciddi təhlükə mənbəyinə çevrilə bilər.
Ekspertin sözlərinə görə, belə bir vəziyyətdə bu rejimin hakimiyyətdə qaldığı hər gün region üçün yeni gərginliklərə, fəlakətlərə və faciələrə səbəb ola bilər. Azərbaycan öz ən yaxın müttəfiqləri ilə məsləhətləşmələri sürətləndirməli və baş verən bu təxribatlara qarşı adekvat cavab tədbirlərinin görülməsi üzərində düşünməlidir.
Lamiyə Cəbrayılova