Paşinyan niyə rusları Ermənistan-İran sərhədindən çıxarmır? – ÖZƏL

"Ermənistan artıq Türkiyə sərhədində yerləşən Rusiya hərbçilərini öz sərhəd qüvvələri ilə əvəz etməyə başlayıb. Bu proses bir neçə ildir ki, mərhələli şəkildə davam edir. İlk olaraq bu dəyişiklik hava limanından başlamışdı və indi isə Türkiyə sərhədindəki rus sərhədçilərinin çıxarılması ilə davam edir".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi ekspert Şakir Ağayev deyib. Ekspert bildirib ki, Ermənistanın İranla sərhədində isə vəziyyət fərqlidir. Hazırkı mərhələdə Ermənistan Rusiya sərhədçilərini bu istiqamətdən çıxarmaq niyyətində deyil. Bunun bir neçə səbəbi var. Birincisi, regionda, xüsusilə İranda və ümumilikdə Yaxın Şərqdə gərgin hərbi vəziyyətin olmasıdır. Belə bir şəraitdə Ermənistanın İran sərhədindən Rusiya qüvvələrini çıxarmaqda maraqlı olması gözlənilmir. Çünki Ermənistanın həmin sərhədi tam şəkildə qoruyacaq qədər güclü və geniş imkanlara malik sərhəd qüvvələri yoxdur. Hazırda İranla sərhəd əsasən Rusiya sərhədçilərinin vasitəsilə qorunur. İkinci mühüm səbəb isə Ermənistanın daxili siyasi vəziyyəti ilə bağlıdır. Baş nazir Nikol Paşinyan parlament seçkilərinə qədər Rusiyanı açıq şəkildə qıcıqlandıracaq və ya Moskva ilə münasibətləri kəskinləşdirəcək addımlar atmaq istəmir. Çünki bu, seçki dövründə ona qarşı siyasi təzyiqlərin artmasına səbəb ola bilər.

Ekspertin sözlərinə görə, bu məsələnin gələcək inkişafı bir neçə amildən asılı olacaq. Əsas faktorlar Yaxın Şərqdəki vəziyyətin necə inkişaf edəcəyi, xüsusilə İran-ABŞ-İsrail xəttində gərginliyin nə qədər davam edəcəyi və necə nəticələnəcəyidir. Eyni zamanda Ermənistanda 7 iyunda keçiriləcək parlament seçkilərinin nəticələri də bu proseslərə ciddi təsir göstərə bilər. Bu proseslərdən sonra Ermənistanın yeni addımlar atması mümkündür. Hətta bəzi ehtimallara görə, həmin mərhələdən sonra regionda nəqliyyat layihələrinin, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı müzakirələrin və proseslərin daha da irəliləməsi mümkündür.
Bütün bu məsələlərin necə inkişaf edəcəyi əsasən Yaxın Şərqdəki müharibə vəziyyətinin nə qədər davam etməsindən və Ermənistanda keçiriləcək seçkilərin nəticələrindən asılı olacaq.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31