İran baş vermiş hadisə ilə bağlı rəsmi izahat verməlidir- ÖZƏL
16:41 Siyasət"İran İslam Respublikası ərazisindən Naxçıvan istiqamətində həyata keçirilən nankor və riyakar dron hücumunu qətiyyətlə pisləyirik! Mülki infrastrukturu və dinc insanların istifadə etdiyi obyektləri, xüsusilə də orta məktəbi hədəf alan belə bir addım beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmaqla yanaşı, regionda sabitliyə və təhlükəsizliyə ciddi təhlükə yaradır". "OLaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib: "Azərbaycan hər zaman qonşuluq münasibətlərinə, qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə sadiq qalıb. Ölkəmizin ərazisi heç vaxt digər dövlətlərə qarşı təhlükə mənbəyi olmayıb və bu siyasət bu gün də dəyişməz olaraq qalır. Buna baxmayaraq, Naxçıvan ərazisində mülki infrastruktura qarşı yönəlmiş hücum son dərəcə qəbuledilməzdir və dinc əhaliyə qarşı yönəlmiş təhlükəli addımdır.
İran tərəfi baş vermiş hadisə ilə bağlı aydın və rəsmi izahat verməli, bu kimi halların təkrarlanmaması üçün təxirəsalınmaz tədbirlər görməlidir. Regionda sülh və sabitliyin qorunması bütün tərəflərin məsuliyyətli davranmasını tələb edir.
Azərbaycan Respublikası öz vətəndaşlarının təhlükəsizliyini və ölkənin ərazi bütövlüyünü qorumaq üçün beynəlxalq hüquq çərçivəsində bütün zəruri addımları atmaq hüququnu özündə saxlayır. Bizim gücümüzü bütün dünya bilir".