Könüllü köçənlərin “geri dönüş” iddiası: siyasi gündəm üçün yeni arqument- ÖZƏL
16:26 Siyasət"Erməni siyasi dairələrinin Qarabağdan könüllü və təhlükəsiz şəkildə Ermənistana köçən ermənilərin geri qayıdışı məsələsini gündəmə gətirməsi əsasən ölkəmizə təzyiq vasitəsi kimi istifadə olunmağa hesablanıb. Eyni zamanda, bu məsələ danışıqlar prosesində müəyyən siyasi dividendlər əldə etmək məqsədi daşıyır.
Çünki onlar uzun illər ərzində 1 milyondan çox azərbaycanlı qaçqının və məcburi köçkünün tapdalanmış hüquqlarını, öz yurd-yuvalarından didərgin salınmasını, zorla köçürülməsini və müxtəlif zorakılıqlara məruz qalmasını sanki kölgədə qoymağa çalışırlar. Bununla da onlar məsuliyyəti öz üzərlərinə götürməkdən yayınmağa cəhd edirlər. Bu səbəbdən də onlar bu məsələni gündəmə gətirməklə həm üzərlərindəki təzyiqi azaltmağa, həm də Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdışı məsələsinə qarşı alternativ mövqe formalaşdırmağa çalışırlar. Beləliklə, bunu siyasi təzyiq vasitəsi kimi danışıqlar masasında saxlamaq niyyətindədirlər.
Eyni zamanda bu mövzu ölkə daxilində ictimai rəyə təsir göstərmək, Qərbi azərbaycanlıların haqlı narazılığını yönləndirmək və müəyyən hallarda hökumətə qarşı təzyiq yaratmaq üçün də istifadə edilə bilər".
Bu fikirləri siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlamasında söyləyib:
"Erməni tərəfinin bu cür mövqeyi bizə yad deyil. Onlar tarix boyu saxta iddialar və əsassız bəyanatlarla çıxış edərək beynəlxalq gündəmdə özlərinə sərf edən mövzuları aktuallaşdırmağa çalışıblar. Bəzi hallarda isə heç bir real əsas olmadan guya ermənilərə qarşı törədilmiş "soyqırımı", onların yurdlarından qovulması kimi iddiaları irəli sürərək beynəlxalq aləmdə özlərini "zərərçəkmiş millət" kimi təqdim etməyə çalışıblar. Lakin bu cəhdlər ciddi nəticə verməyib.
Bununla yanaşı, bu mövzunun qaldırılması həm də Qarabağ məsələsinin guya tam bağlanmadığı görüntüsünü yaratmaq məqsədi daşıyır. Onlar bu yolla beynəlxalq təşkilatların diqqətini cəlb etməyə, insan hüquqları və təhlükəsizlik kimi məsələləri ön plana çıxarmağa çalışırlar. Məqsəd isə bu mövzudan yekun sülh danışıqları zamanı siyasi alət kimi istifadə etməkdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan tərəfi
vaxtilə Qarabağ ermənilərinə reinteqrasiya olunmaq, Azərbaycan vətəndaşlığını qəbul etmək və ölkə qanunları çərçivəsində təhlükəsiz şəkildə yaşamaq imkanını dəfələrlə təklif etmişdi. Lakin onlar bu təklifləri qəbul etməyərək Ermənistana köçməyi seçdilər. Bu isə onların şəxsi seçimidir.
Bu səbəbdən də artıq könüllü şəkildə regionu tərk etmiş şəxslərin geri qayıdışı məsələsini sonradan Azərbaycana qarşı təzyiq vasitəsi kimi irəli sürmək nə məntiqə, nə də sağlam siyasi yanaşmaya uyğun gəlir. Bu, daha çox əvvəlcədən planlaşdırılmış siyasi təzyiq mexanizmi kimi qiymətləndirilə bilər. Çünki həmin şəxslər ölkəni öz iradələri ilə tərk ediblər və bu qərar onların şəxsi seçimi olub".
Zeynəb Mustafazadə